İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi

24.11.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın nüfuzlu idman nəşrlərindən olan "Marca" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah" klubu haqqında geniş yazı dərc edib.

Milli.Az xəbər verir ki, məqalədə Bakı təmsilçisinin qısa müddətdə əldə etdiyi uğurlar, baş məşqçi Valdas Dambrauskasın futbola gəlişinin maraqlı tarixçəsi və komandanın əsas futbolçuları barədə məlumat verilib.

2017-ci il sentyabrın 8-də təsis edilən "Sabah" cəmi bir il sonra Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb. Klub 2025/2026 mövsümündə həm ölkə çempionluğunu, həm də Azərbaycan Kubokunu əldə edərək tarixində ilk dəfə "qızıl dubl"a imza atıb.

"Marca"nın diqqət ayırdığı məqamlardan biri də Valdas Dambrauskasın məşqçilik karyerasına başlaması olub. Bildirilib ki, litvalı mütəxəssis 2002-ci ildə televiziya viktorinasında qazandığı pul hesabına İngiltərəyə yollanaraq məşqçilik təhsili almaq imkanı əldə edib. O, London Metropolitan Universitetində idman elmi və məşqçilik üzrə təhsil alıb.

İspaniya nəşri "Sabah"ın Avropa arenasındakı yolunu da diqqətdən kənarda qoymayıb. Komandanın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün dörd təsnifat mərhələsini geridə qoyduğu vurğulanıb.

Yazıda Bakı klubunun aparıcı oyunçuları sırasında Coy-Lens Mikels, Timoteuş Puxaç, İvan Lepiniça, Velko Simiç və Stas Pokatilovun adları çəkilib.

Məqalədə daha bir maraqlı məqam Polşa futbolu ilə bağlı olub. "Sabah"ın müdafiəçisi Timoteuş Puxaçla "Barselona"nın qapıçısı Voysex Şesnının Polşa millisində eyni vaxtda çıxış etməsinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, "Sabah" və "Barselona" komandaları arasında görüş noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью