Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.
Qeyd edilib ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.
Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Gununsesi.info bildirir ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Türkdilli Xalqların Teatrları Rəhbərləri Şurasının sədri, teatrşünas, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov məsələyə belə münasibət bildirib:
“Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin qəbul etdiyi yeni qərar mətbuat vasitəsilə ictimai rəyə təqdim edildi. Həmin qərarın teatr sənətinin fəaliyyətinin təkmilləşdiriləcəyi məqsədilə qəbul edildiyi, məsələnin mütəxəssislərlə müzakirəsi nəticəsində ərsəyə gəldiyi bildirilir.
Azərbaycan teatr mədəniyyətinin son əlli ildəki fəaliyyətinə, milli teatr sənətimizin elmi və yaradıcılıq həyatına, eləcə də bu sahədəki beynəlxalq təcrübəyə az – çox bələd olan adam kimi bu qərarın hansı ehtiyacdan meydana gəldiyini anlamıram.
Azərbaycan səhnə sənətinin böhran halı yaşadığı yeni xəbər deyil. Onun bütün fəaliyyət sahələrinin köklü yeniləşməyə ehtiyacı var. Bu gün ölkədəki teatrlarda struktur islahatlarının keçirilməsi, onların ən yeni texnologiya və avadanlıqlarla təchiz edilməsi, teatr sahəsi üzrə təhsilin səviyyəsinin yüksəldilməsi, professional kadrların seçilib yerləşdirilməsi, onların əmək haqlarının faizlərlə yox, dəfələrlə artırılması, bölgə teatrlarına diqqətin və qayğının sözdə yox, konkret əməldə göstərilməsi, bir küll halında götürsək, milli ideologiyadan qaynaqlanan teatr fəlsəfəsinin dəyişməsi zəruridir.
Yəni, indiki halda, bəhs edilən sahədə, bədii rəhbərlərin, baş sahə mütəxəssislərinin ştat vahidlərinin ləgv edilməsi səmərəsiz addım olaraq hər hansı keyfiyyət dəyişmələrinə zəmanət vermir, əksinə zərərli nəticələrə yol açır. Odur ki, qəbul edilən qərarın işlək mexanizmi bəlli olmadığı kimi, perspektivdə onun faydalı iş əmsalı da şübhəlidir “.
İlhamə Məmmədova