525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail hakimiyyəti Dubaydan Təl-Əvivə uçan və Səudiyyə Ərəbistanına təcili eniş edən Flydubai təyyarəsində baş verən hadisəni "terror aktı" kimi qiymətləndirir.
525.az xəbər verir ki, bunu "i24News"a adı açıqlanmayan İsrail rəsmiləri bildirib.
Məlumata görə, təyyarə İordaniyanın hava məkanına daxil olduqdan qısa müddət sonra Oman vətəndaşı olan ikinci pilot BƏƏ vətəndaşı olan pilotu bıçaqla yaralayıb. Mənbələr bildiriblər ki, ikinci pilot təyyarənin idarəetməsini zorla ələ keçirməyə cəhd edib.
Münaqişə zamanı pilot iki dəfə həyəcan siqnalı verib. Qısa müddət sonra ikinci pilot israilli sərnişinlər və təyyarənin ekipajı tərəfindən zərərsizləşdirilib.
Məlum olub ki, təyyarədə daha iki pilot – Cənubi Afrika Respublikası və Yeni Zelandiya vətəndaşları da olub. Onlar nəticədə təyyarənin Səudiyyə Ərəbistanına təhlükəsiz şəkildə enməsinə kömək ediblər.
Hücumçunun niyyəti və motivləri hazırda məlum deyil. İsrail rəsmisi bildirib ki, ikinci pilotun nəyə cəhd etdiyi bəlli deyil - təyyarəni qaçırıb İsrailə aparmaq, yerə çırpmaq və ya "11 sentyabr" tipli terror hücumu törətmək. O bildirib ki, hücumçu açıq şəkildə təyyarəni qaçırmaq niyyətində olub, lakin böyük bir fəlakətin qarşısı alınıb.
Flydubai daha əvvəl sərnişinləri təxliyə etmək üçün əvəzedici təyyarə göndərəcəyini açıqlayıb.
Pərvanə Sultanova