İsrail İrana cavab zərbəsinə hazırlaşır

27.01.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranla ABŞ arasında artan gərginlik Yaxın Şərqdə yeni eskalasiya risklərini gündəmə gətirir. ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi, mümkün hərbi ssenarilərlə bağlı yayılan məlumatlar və tərəflərin sərt bəyanatları regionda narahatlığı artırır. Bu proseslər fonunda İsrail də təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırdığını açıq şəkildə bəyan edir.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

O, qeyd edib ki, xüsusilə ABŞ-ın İrana mümkün zərbəsi halında bölgədə zəncirvari reaksiyanın baş verə biləcəyi istisna edilmir ki, bu da İsrailin birbaşa qarşıdurmaya cəlb olunması riskini artırır. Məhz belə bir şəraitdə İsrail hərbi rəhbərliyinin açıqlamaları regional gərginliyin pik həddə çatdığını aydın şəkildə göstərir.

İsrail Müdafiə Qüvvələri ABŞ-nin mümkün hücumu halında İrana cavab zərbəsinə hazırlaşır. Bu proseslər yeni təhlükəsizlik və humanitar vəziyyət yaradır. Mümkün ssenarilərə hazır olmaq artıq seçim deyil, zərurətdir. ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyat planının hələ də gündəmdə olduğunu mütəmadi olaraq vurğulayır:

"ABŞ “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunu bölgəyə göndərməklə yanaşı, azı altı ədəd “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini də Yaxın Şərqə cəlb edib. ABŞ-ın İrana qarşı mümkün zərbə planlarında ali dini lider Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin potensial hədəf kimi nəzərdən keçirildiyi iddia edilir.

Baş verən proseslər fonunda Türkiyənin də İranda mümkün müharibə ssenarisinə hazırlaşdığı barədə məlumatlar var. Münaqişə baş verərsə, Ankara miqrant axınının qarşısını almaq məqsədilə İran ərazisində saxlanılması üçün sərhəd bölgəsində “bufer zona” yaradılmasını nəzərdən keçirir.

Məlumatlara əsasən, Türkiyənin Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı parlamentin Xarici Əlaqələr Komissiyasına məxfi hesabat təqdim edib. Hesabatda A, B və C olmaqla üç fərqli fəaliyyət planının hazırlandığı qeyd olunub. 12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurəti yaranır.

Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür.

Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etmək.

Digər ehtimal isə ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaqdan ibarətdir. 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью