İsrail İrana ikinci hücuma hazırlaşır?

22.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İsrailin xarici işlər naziri Gideon Saar, iyun ayında genişmiqyaslı hücumlar həyata keçirdikləri İrana hazırda hücum etməyi düşünmədiklərini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, “The Jerusalem Post” qəzetinə danışan nazir İrana yenidən hücum ehtimalı, “F-35” qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı mövqeləri və Qəzza zolağı ilə İordan çayının Qərb sahilində həyata keçirdikləri hücumlarla bağlı açıqlamalar verib.

Gideon Saar peyk görüntüləri və kəşfiyyat məlumatlarının İranın nüvə proqramını yenidən qurmağa çalışdığını göstərdiyini iddia edərək, İsrailin "İran təhdidinin" aradan qalxacağına dair hər hansı bir illüziyaya qapılmadığını, lakin hazırda İrana hücum etməyi planlaşdırmadıqlarını söyləyib:

“İran nüvə proqramını yenidən canlandırmaq üçün addımlar atır və hazırda belə müəyyən səviyyədə ballistik raket istehsal edə bilir. Lakin açıq şəkildə əvvəlki qədər böyük və ya hədəflədikləri miqyasda deyil”.

Gideon Saar “Jerusalem Post” qəzetinə verdiyi açıqlamada, yüksək səviyyəli ABŞ rəsmilərinə Türkiyəyə “F-35” qırıcılarının verilməsinə qarşı olduqlarını bildirdiklərini deyib:

“Düşünürəm ki, amerikalı dostlarımız belə bir razılaşmanın yaradacağı çətinlikləri anlayırlar”.

Nazir İsraillə diplomatik münasibətləri olmasına baxmayaraq, Türkiyə ilə əlaqələrin yaxşılaşacağını gözləmədiyini iddia edərək, “Türkiyə Qəzzadakı çoxmillətli gücün bir hissəsi olmayacaq. İsrail də mövqeyini dəyişməyəcək”, - deyə bildirib.

Qəzza zolağında baş verən və soyqırım səviyyəsinə çatdığı iddia edilən hücumlardan sonra Qərb dövlətlərinin bir-bir Filistin dövlətini tanımasına da toxunan Saar, “İngiltərə, Kanada və ya Fransa hökumətləri üzərində təsirimiz demək olar ki, yoxdur”, - deyə qeyd edib.

İsrailin Baş naziri Binyamin Netanyahu da dünən axşam yayımlanan müsahibəsində ABŞ-nin “F-35” döyüş təyyarələrini Türkiyəyə verəcəyinə inanmadığını bildirərək, “Belə bir ehtimal olsa belə, bunun çox uzaq bir ssenari olduğunu bilirəm”, - deyə vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью