İsrail Livan danışıqlarında sülh axtarışı

25.06.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə savaş diplomatiya ilə əvəzlənir

ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən İsrail–Livan danışıqları regionda sabitliyin bərpası istiqamətində atılan ən mühüm addımlardan biri hesab olunur. Tərəflər arasında yekun sülh sazişindən danışmaq hələ tez olsa da, müzakirələrin məzmunu göstərir ki, həm İsrail, həm də Livan sərhəd bölgəsində yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasında maraqlıdır.

Danışıqların mərkəzində Livanın cənubundakı vəziyyət dayanır. Son müharibə zamanı İsrail ordusunun nəzarətə götürdüyü bəzi ərazilərin gələcək statusu hazırda əsas müzakirə mövzusudur. ABŞ tərəfindən dəstəklənən təklifə əsasən, İsrail qüvvələri müəyyən bölgələrdən mərhələli şəkildə geri çəkilməli, həmin ərazilərdə təhlükəsizlik nəzarəti isə Livan Silahlı Qüvvələrinə verilməlidir. Məqsəd sərhəd boyunca gərginliyin azalmasına nail olmaq və yeni toqquşmaların qarşısını almaqdır.

Təklif olunan model "pilot zonalar" prinsipi üzərində qurulub. Həmin zonalarda yalnız Livan ordusunun fəaliyyət göstərməsi nəzərdə tutulur. ABŞ administrasiyası hesab edir ki, belə bir mexanizm həm Livan dövlət institutlarının güclənməsinə, həm də sərhəd təhlükəsizliyinin daha effektiv təmin edilməsinə kömək edə bilər. Vaşinqton, eyni zamanda, prosesin monitorinqi və texniki dəstəyi ilə bağlı müəyyən öhdəliklər götürməyə hazır olduğunu bildirib.

Lakin danışıqların uğurunu şübhə altına alan əsas amil Hizbullah məsələsidir. İsrail tərəfi Livanın cənubunda yaradılacaq təhlükəsizlik zonalarının silahlı qruplardan tamamilə təmizlənməsini tələb edir. Təl-Əviv hesab edir ki, Hizbullahın bölgədə hərbi mövcudluğunu qoruyub saxlaması gələcəkdə yeni münaqişələrə səbəb ola bilər. Ona görə də İsrail hökuməti Livan ordusunun bölgədə real nəzarət quracağına dair konkret təminatlar istəyir.

Livan üçün isə vəziyyət daha mürəkkəbdir. Rəsmi Beyrut bir tərəfdən ölkənin cənubunda dövlət hakimiyyətini bərpa etməyə çalışır, digər tərəfdən isə ölkə daxilində mühüm siyasi və hərbi gücə malik olan Hizbullah faktorunu nəzərə almağa məcburdur. Bu səbəbdən danışıqlarda əldə ediləcək hər hansı razılaşmanın həyata keçirilməsi beynəlxalq dəstəkdən əlavə, həm də Livanın daxili siyasi balansından asılı olacaq.

Bütün bunların fonunda sərhəd bölgəsində insidentlərin davam etməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Son günlər Livanın cənubunda baş vermiş ölüm hadisələri tərəflər arasında əldə olunmuş atəşkəsin hələ də tam sabit mexanizmə çevrilmədiyini ortaya qoyub.

Beləliklə, Yaxın Şərqdə diplomatik proses davam etsə də, hərbi gərginlik riski tam aradan qalxmayıb.

N.BEYDİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью