Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 12 noyabr, AZƏRTAC
ABŞ İsrailin Qəzza zolağına bitişik sərhəd bölgələrində böyük hərbi baza tikmək niyyətindədir.
AZƏRTAC İsrail mediasına istinadla xəbər verir ki, layihə təxminən 500 milyon dollara başa gələ bilər. Bazada İsrail və HƏMAS arasında atəşkəsin qorunmasında iştirak edəcək bir neçə min ABŞ və beynəlxalq hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.
İsrail mediasının yaydığı məlumata görə, hazırda ABŞ və İsrail hakimiyyəti arasında bazanın yeri ilə bağlı danışıqlar aparılır, potensial tikinti sahələri müzakirə olunur. “Yedioth Ahronoth” nəşri yazır ki, yeni baza İsraildəki ilk irimiqyaslı Amerika hərbi obyekti olmaqla və Vaşinqtonun müharibədən sonra Qəzza zolağında sabitlik yaratmaq səylərinin bir hissəsini təşkil edəcək.
ABŞ tərəfi hələlik məlumatı rəsmi şəkildə şərh etməyib. İsrail mediası hesab edir ki, təşəbbüs Vaşinqtonda müzakirələrə səbəb ola bilər. Belə ki, bəzi qanunvericilər daxili büdcə məhdudiyyətləri fonunda xaricdə artan hərbi iştirakdan narahatdırlar.