Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail baş naziri B. Netanyahunun HƏMAS-ın tam zərərsizləşdirilməsi ilə bağlı planı heç vaxt reallaşmayacaq. Çünki HƏMAS İsrail və bir sıra Qərb dövlətləri tərəfindən terrorçu təşkilat kimi qəbul edilsə də, Fələstində, hətta Türkiyədə müqavimət hərəkatı kimi tanınır.
“Bu təşkilatın Fələstinin özündə də ciddi dəstəyi və tərəfdarları var. Cəmiyyətə yayılmış bir ideologiyadır. İsrailin HƏMAS-ı tam zərərsizləşdirmədən Qəzza zolağından çıxmayacağı barədə bəyanatı sadəcə bəhanədir. Qəzza zolağında sülhün yaradılması ilə bağlı D. Trampın təşəbbüsü və rəhbərliyi ilə təsis olunan Sülh Şurasında da HƏMAS-ın tərksilah olunması nəzərdə tutulurdu. 15 maddəlik yeni sülh planında və yol xəritəsində bəndlərdən biri də İsrail hərbi qüvvələrinin Qəzza zolağından çıxarılması, təhlükəsizlik zolağının yaradılması və beynəlxalq sülhyaratma kontingentinin yerləşdirilməsi idi. Ancaq Təl-Əviv bundan imtina etdi və yeni hərbi əməliyyatlara başlayaraq atəşkəsi də, sülh prosesini də pozdu. Problemin kökünü, məncə, Netanyahunun siyasətində və onun ifrat millətçi komandasının mövqeyində daha çox axtarmaq lazımdır”, – deyə politoloq bildirib.
O vurğulayıb ki, hazırkı kabinet HƏMAS-dan radikallığına görə heç də geri qalmır.
Əli Orucov belə düşünür ki, İsrailin beynəlxalq aləmdə getdikcə təklənməsi və regionda özünə qarşı radikalizmin güclənməsi, körüklənməsi yolverilməzdir. Belə olan halda kompromislər tapmaq çətinləşir, bəzən isə mümkün olmur.
“Əlbəttə, İsrailin öz təhlükəsizliyini qorumaq haqqı var. Ancaq bu, o demək deyil ki, regionu bütövlükdə xarabalığa, silahlı müdaxiləyə və qeyri-sabitliyə sürükləsin. Minlərlə dinc insan qətlə yetirilsin, evindən, yaşayış yerindən məhrum edilsin. İsrail radikallaşdıqca, hərbi gücə üstünlük verdikcə simmetrik cavablar da alacaq”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info