525.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz 5-6 avqust tarixlərində Gəncə və Mingəçevirə səfər edib.
525.az xəbər verir ki, bu barədə İsrail səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, regionlararası əlaqələrin inkişafı və iqtisadi, mədəni, humanitar, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlıq imkanlarının araşdırılması baxımından mühüm imkan yaradıb.
Səfərin ilk günü səfir Ronen Krausz Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında mövcud dostluq münasibətləri, regionlararası əməkdaşlığın inkişaf perspektivləri, eləcə də iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Gəncədə səfir və nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edib. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mülki əhalisinə endirdiyi raket zərbələri nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib və memorial önünə gül dəstələri qoyulub.
Nümayəndə heyəti, həmçinin Gəncə Şərab Zavodunda olub və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
Göygöl rayonunda səfir bölgənin alman irsi ilə tanış olub və moruq bağlarında məhsul yığımı prosesi barədə məlumat alıb. Üçbulaq kəndində fəaliyyət göstərən “By Aurum Girls” MMC-nin təsisçiləri və üzvləri ilə keçirilən görüş zamanı onların fəaliyyəti, kənd təsərrüfatı sahəsində həyata keçirdikləri təşəbbüslər və gələcək planları barədə məlumat verilib.
Səfərin ikinci günü - 6 avqustda - səfir Ronen Krausz Mingəçevir şəhərinə səfər edib və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Görüş zamanı şəhərin sosial-iqtisadi inkişafı, sənaye və energetika potensialı, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Səfir və nümayəndə heyəti Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq ümummilli liderin xatirəsini ehtiramla yad edib.
Mingəçevirdə nümayəndə heyəti Mingəçevir Su Elektrik Stansiyası, Azərbaycan İstilik Elektrik Stansiyası və Mingəçevir Su Anbarı ilə tanış olub, Azərbaycanın enerji infrastrukturu və strateji əhəmiyyət daşıyan obyektləri barədə ətraflı məlumat alıb.
Səfər çərçivəsində Mingəçevir Sənaye Parkı da ziyarət olunub. Burada fəaliyyət göstərən müəssisələr, həyata keçirilən sənaye layihələri və şəhərin sənaye potensialı ilə yaxından tanışlıq olub.
Səfər Azərbaycan və İsrail arasında əlaqələrin yalnız paytaxtlar səviyyəsində deyil, regionlar arasında da inkişaf etdirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iki ölkə arasında mövcud dostluğun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.
Pərvanə Sultanova