İsrail Vaşinqtonu xəbərdar edib: İrana təkbaşına zərbə endirə bilərik

09.02.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İsrail hakimiyyəti ABŞ-a bildirib ki, zərurət yarandığı təqdirdə Vaşinqtonun iştirakı olmadan, birtərəfli qaydada İran ərazisinə zərbə endirə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin nümayəndələri ötən həftə bu mövqeni ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun rəsmilərinin diqqətinə çatdırıblar. İsrail tərəfi Vaşinqtona İranın ballistik raket proqramı ilə bağlı müəyyən “qırmızı xətlərin” keçiləcəyi halda həyata keçirilə biləcək mümkün zərbə planlarını təqdim edib.

İsrailin hərbi-siyasi rəhbərliyindəki mənbələrdən biri qəzetə açıqlamasında: “Biz amerikalılara açıq şəkildə dedik ki, İran ballistik raketlər məsələsində müəyyən etdiyimiz qırmızı xətti keçərsə, təkbaşına zərbə endirəcəyik”, - deyə bildirib. Onun sözlərinə görə, hazırda İsrail təcili hücum üçün şərait görmür, lakin vəziyyət daim nəzarətdə saxlanılır.

Mənbə əlavə edib ki, Vaşinqtonla aparılan dialoqda İsrail İranla bağlı hərəkət azadlığını özündə saxladığını xüsusi vurğulayıb.

Qəzet yazır ki, İsrail hakimiyyəti eyni zamanda narahatdır: hətta ABŞ İrana zərbə endirmək qərarı versə belə, bu hücumların məhdud və simvolik xarakter daşıması ehtimalı var ki, bu da hazırkı İsrail hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin sözlərinə görə, tərəflər İranın nüvə proqramı üzrə Maskatda çox ciddi məsləhətləşmələr aparıb və dialoqu davam etdirmək niyyətindədirlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью