Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və İsrail arasında son illər formalaşan yaxın tərəfdaşlıq münasibətləri siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu kontekstdə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri regional proseslər baxımından diqqət çəkən hadisə kimi dəyərləndirilir.
Bəs, bu səfər Azərbaycan-İsrail siyasi əməkdaşlığında hansı yeni istiqamətləri aça bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlıq səviyyəsinə yaxın münasibətlər sistemi artıq formalaşıb və bu çərçivədə iki ölkə arasında bir çox sahə üzrə əməkdaşlıq davam edir. Bu baxımdan İsrailin xarici işlər nazirinin Bakıya səfəri mövcud mürəkkəb regional şəraitdə xüsusi əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, İsrail Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqlərindən biri hesab olunur. Azərbaycanla ABŞ arasında isə yaxın vaxtlarda strateji tərəfdaşlıq haqqında sənədin imzalanacağı gözlənilir. Bu amillər Azərbaycanın İsraillə münasibətlərinə də yeni istiqamətlər açır:

Elçin Xalidbəyli: İsrailin xarici işlər nazirinin Bakıya səfəri mövcud mürəkkəb regional şəraitdə xüsusi əhəmiyyət daşıyır
"Hazırda rəsmi Təl-Əviv Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla daha yüksək səviyyəli və intensiv münasibətlərin qurulmasında maraqlıdır. Bu baxımdan İsrailin xarici işlər nazirinin Bakıda təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə etməsi gözləniləndir".
Müsahibimiz qeyd edib ki, Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza probleminin nizamlanması məqsədilə formalaşdırılan "Sülh Şurası"na dəvət alan ölkələr sırasında olmasını nəzərə almalıyıq. Böyük ehtimalla İsrail həmin Şuraya dəvət olunmuş dövlətlərlə münasibətləri yeni səviyyəyə yüksəltməkdə maraqlıdır:
"Bütün bu məqamlar fonunda İsrailin xarici işlər nazirinin Bakıda müzakirə edə biləcəyi mövzuların kifayət qədər geniş olacağı istisna edilmir".
Zeynəb Rzayeva