Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokla onun əsas rəqibi, keçmiş Baş Qərargah rəisi Gadi Eisenkotun rəhbərlik etdiyi müxalifət arasında mübarizə davam edir. İlkin nəticələr hakimiyyət uğrunda mübarizədə aydın qalibin olmadığını göstərir.
İddialara görə Netanyahunun hakimiyyətdən getməsi İsrailin siyasi kursunda yeni mərhələnin başlanğıcı ola bilər. Bu halda ölkənin İranla qarşıdurmaya, Qəzza və Fələstin məsələsinə münasibətinin necə dəyişəcəyi, həmçinin ABŞ və Türkiyə ilə əlaqələrində hansı yeniliklərin baş verəcəyi əsas müzakirə mövzularından olacaq. Yeni hökumətin qərarları Yaxın Şərqdəki siyasi və təhlükəsizlik vəziyyətinə də təsirsiz ötüşməyə bilər.
Bəs Netanyahu hakimiyyəti itirərsə, İsraildə hansı siyasi dəyişikliklər baş verə bilər? Onun mümkün gedişi ölkənin daxili və xarici siyasətində hansı yeniliklərə yol aça bilər? Bu dəyişikliklər regiondakı qüvvələr balansına necə təsir göstərə bilər?
Turkustan.az mövzu ilə bağlı sualları politoloq Züriyə Qarayevaya ünvanladı.
Züriyə Qarayeva
İsraildə Benyamin Netanyahunun hakimiyyətdən getməsi ölkənin siyasi kursunda müəyyən dəyişikliklərə səbəb ola bilər, lakin bu, İsrailin təhlükəsizlik strategiyasının köklü şəkildə dəyişəcəyi anlamına gəlmir. İlk növbədə, yeni hökumətin tərkibi və ideoloji mövqeyi həlledici rol oynayacaq. Əgər hakimiyyətə Naftali Bennet və ya Yair Lapid kimi siyasi fiqurların təmsil olunduğu qüvvələr gəlsə, daxili siyasətdə məhkəmə sisteminin müstəqilliyi, dövlət institutlarının fəaliyyətinin sabitləşdirilməsi və cəmiyyətdə siyasi qütbləşmənin azaldılması istiqamətində addımlar gözlənilə bilər. İran məsələsində isə ciddi strateji dönüş ehtimalı aşağıdır. Çünki İranın nüvə proqramı və regional hərbi fəaliyyəti İsraildə təkcə Netanyahunun deyil, geniş siyasi dairələrin təhlükəsizlik təhdidi kimi qiymətləndirdiyi məsələlərdir. Bununla belə, yeni hökumət Tehranla qarşıdurmada birtərəfli hərbi addımlardan daha çox ABŞ və Avropa müttəfiqləri ilə koordinasiyaya, diplomatik təzyiqə və beynəlxalq sanksiya mexanizmlərinə üstünlük verə bilər.
Fələstin məsələsində isə Netanyahudan sonrakı dövr müəyyən diplomatik yumşalma imkanları yaratsa da, bunu avtomatik olaraq Fələstin dövlətinin yaradılmasına dəstək kimi qiymətləndirmək doğru olmaz. Xüsusilə Naftali Bennetin müstəqil Fələstin dövlətinə qarşı mövqeyi nəzərə alınmalıdır. Bununla belə, yeni hökumət Qəzzanın bərpası, humanitar yardımın genişləndirilməsi və ərəb dövlətləri ilə münasibətlərin normallaşdırılması istiqamətində daha praqmatik siyasət yürüdə bilər. ABŞ ilə münasibətlərdə isə daha nəzərəçarpacaq dəyişiklik mümkündür. Netanyahu administrasiyasından fərqli olaraq, yeni rəhbərlik Vaşinqtonda yalnız respublikaçılarla deyil, demokratlarla da münasibətləri gücləndirməyə, Avropa İttifaqı ilə yaranmış diplomatik gərginliyi azaltmağa çalışa bilər. Hazırkı seçki mənzərəsində əsas müxalifət fiqurlarından biri olan Qadi Ayzenkotun ön plana çıxması da göstərir ki, İsraildə dəyişiklik tələbi yalnız siyasi liderlə deyil, dövlətin idarəçilik və təhlükəsizlik modelinin yenilənməsi ilə bağlıdır. Lakin yekun nəticəni seçkilərdə hansı partiyanın birinci olması deyil, 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyini qazana biləcək koalisiyanın formalaşması müəyyən edəcək.
Aytən Yaşar/ Turkustan.az