İsraildə seçkini kim qazanacaq? Netanyahu və iki əsas rəqibi

27.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün İsraildə parlament seçkiləri keçirilir. Baş nazir Benyamin Netanyahu hakimiyyətdə qalmaq uğrunda ciddi mübarizə aparır. Seçkilərin nəticəsi ölkənin siyasi gələcəyini müəyyənləşdirə, lakin parlamentdə çoxluğun formalaşmaması yeni siyasi böhrana da səbəb ola bilər.

Modern.az xəbər verir ki, xarici KİV-ın məlumatına görə, oktyabrın 27-də keçirilən parlament seçkilərində 7,3 milyondan çox seçicinin səs vermək hüququ var. Seçicilər İsrail parlamentinin – Knessetin 120 deputatını müəyyənləşdirəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 22:00-da bağlanmalıdır. İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 12 018 seçki məntəqəsi və təxminən 18 min seçki qutusu hazırlanıb. Seçkilərin təşkilinə 100 minə yaxın əməkdaş cəlb olunub.

Parlamentə düşmək uğrunda 37 partiya və seçki siyahısı mübarizə aparır. İsraildə hökumət qurmaq üçün Knessetdə ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır.

Netanyahuya əsas rəqiblər kimlərdir?

Seçkilərin əsas iştirakçıları Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun “Yaşar” partiyası və keçmiş baş nazir Naftali Bennetin rəhbərlik etdiyi “Birlikdə” alyansıdır.

Netanyahu uzun illərdir İsrail siyasətinin əsas fiqurlarından biridir. Lakin onun hökuməti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun qarşısını ala bilməməsinə, Qəzza zolağında aparılan hərbi əməliyyatlara və ölkənin təhlükəsizlik siyasətinə görə ciddi tənqidlərlə üzləşib.

Seçki kampaniyasında milli təhlükəsizlik, hökumətin məsuliyyəti, korrupsiya ittihamları və ölkənin gələcək idarəçilik modeli əsas müzakirə mövzularına çevrilib.

Keçmiş ordu rəhbəri Qadi Eyzenkot isə hakimiyyətin hesabatlılığının artırılmasını və 2023-cü il oktyabrın 7-də baş verən təhlükəsizlik uğursuzluqlarının araşdırılmasını tələb edir.

Seçkilərin nəticəsi nəyi dəyişə bilər?

İsrailin seçki sistemi parlamentdə hökumət qurmaq üçün partiyalar arasında koalisiya razılaşmasını zəruri edir. Buna görə də seçkidə ən çox səs toplayan partiyanın liderinin avtomatik olaraq baş nazir olması təmin edilmir.

Seçki nəticəsində heç bir siyasi blok 61 mandat əldə edə bilməsə, hökumətin formalaşdırılması üçün mürəkkəb danışıqlar aparılacaq. Bu halda Netanyahu vəzifəsini müvəqqəti baş nazir kimi davam etdirə, siyasi qüvvələr arasında razılıq əldə olunmadıqda isə ölkə yenidən seçkilərə gedə bilər.

Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən ərəb partiyalarının parlamentdə qazanacağı mandatlar da siyasi qüvvələr arasındakı tarazlığa təsir göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью