Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsraildə parlament seçkiləri ətrafında yaranan siyasi vəziyyət ölkənin gələcək hakimiyyət modelindən daha geniş məsələləri gündəmə gətirir. Söhbət yalnız Benyamin Netanyahunun baş nazir postunu qoruyub-qorumamasından getmir.
İsrailin İranla qarşıdurmasının gələcəyi, Fələstin məsələsinə yanaşması, ABŞ ilə münasibətləri və Yaxın Şərqdə həyata keçirdiyi təhlükəsizlik siyasəti də siyasi qüvvələr arasındakı mübarizənin əsas istiqamətləridir. Netanyahu uzun illər ərzində öz siyasi mövqeyini təhlükəsizlik məsələləri üzərində qurub. Lakin davamlı hərbi qarşıdurmalar, daxili siyasi qütbləşmə və hökumətin fəaliyyətinə yönələn tənqidlər İsrail cəmiyyətində alternativ siyasi liderliyə tələbatı artıran amillərdir.
İsrailin siyasi sistemində əsas çətinliklərdən biri seçkilərdə birinci olmaqla hökumət qurmaq imkanının eyni məna daşımamasıdır. Knesset 120 deputatdan ibarətdir və sabit parlament çoxluğu üçün ən azı 61 mandat tələb olunur. Bu səbəbdən seçkilərdən sonra əsas mübarizə koalisiya danışıqları ətrafında formalaşır. Netanyahu üçün problem yalnız rəqiblərinin qazandığı səslər deyil, həm də potensial müttəfiqlərinin onun rəhbərliyi altında hökumət qurmağa nə dərəcədə hazır olmasıdır. Hətta onun partiyası ən böyük siyasi qüvvə mövqeyini qorusa belə, parlamentdə yetərli dəstək əldə edilməməsi hakimiyyətin dəyişməsi ilə nəticələnə bilər.
Oktyabrın 28-də açıqlanan ilkin nəticələr də siyasi qeyri-müəyyənliyi təsdiqləyir. Səslərin 76 faizindən çoxunun hesablandığı mərhələdə Netanyahu blokunun 54, Qadi Ayzenkotun rəhbərlik etdiyi siyasi qüvvələrin 47, ərəb partiyalarının isə 19 mandat qazanacağı proqnozlaşdırılırdı. Bu rəqəmlər yekun nəticə deyil. Ərəb partiyalarının parlamentdəki təmsilçiliyinin artması isə hökumətin formalaşdırılması prosesində onların rolunu gücləndirə bilər. Bununla belə, həm Netanyahu, həm də Ayzenkotun ərəb partiyaları ilə koalisiya məsələsinə ehtiyatlı yanaşması siyasi çıxış yolunu çətinləşdirir. Beləliklə, seçkilərin əsas nəticəsi təkcə hansı blokun daha çox mandat qazanması deyil, müxtəlif siyasi qüvvələrin ortaq hökumət proqramı ətrafında razılığa gəlib-gəlməməsi olacaq.
Netanyahunun seçki kampaniyasında İran amilini ön plana çıxarması da təsadüfi deyil. O, təhlükəsizlik siyasətini hakimiyyətinin əsas legitimlik mənbələrindən biri kimi təqdim edir və ABŞ Prezidenti Donald Trampla əməkdaşlıq çərçivəsində İran təhlükəsinin aradan qaldırılmasını strateji məqsəd kimi göstərir. Burada mühüm siyasi məqam ondan ibarətdir ki, İranla qarşıdurma yalnız xarici siyasət məsələsi deyil, eyni zamanda İsrailin daxili siyasi rəqabətində istifadə olunan əsas mövzulardan biridir. Lakin hərbi ritorikanın gücləndirilməsi bütün seçicilərin dəstəyini təmin etmir. Cəmiyyətin bir hissəsi davamlı müharibələrin təhlükəsizliyi artırıb-artırmadığını, digər hissəsi isə sərt siyasətin davam etdirilməsinin zəruriliyini müzakirə edir. Bu baxımdan seçkilər İsrail cəmiyyətində təhlükəsizlik anlayışına fərqli yanaşmaların da qarşıdurmasını əks etdirir.
Netanyahunun əsas rəqibi Qadi Ayzenkotun siyasi mövqeyi də diqqətəlayiqdir. Keçmiş Baş Qərargah rəisi olan Ayzenkot təhlükəsizlik sahəsində təcrübəsi ilə seçilir və özünü mövcud hakimiyyətə alternativ kimi təqdim edir. Lakin onun hakimiyyətə gəlməsi İsrailin bütün xarici siyasət prioritetlərinin köklü şəkildə dəyişməsi demək olmayacaq. Ayzenkot da İranın regional fəaliyyətinə və HƏMAS-ın hərbi imkanlarına münasibətdə sərt mövqe tutur, Fələstin dövlətinin yaradılmasını dəstəkləmir. Əsas fərq daha çox siyasi idarəetmə üsulunda, hökumətin tərkibində və təhlükəsizlik qərarlarının qəbul edilməsi mexanizmlərində ortaya çıxa bilər. Bu isə onu göstərir ki, İsraildə hakimiyyət dəyişikliyi baş versə belə, Yaxın Şərqdə qarşıdurmaların avtomatik olaraq sona çatacağını gözləmək real deyil.
Hazırkı vəziyyətdə üç mümkün ssenari ön plana çıxır: Netanyahu yeni koalisiya quraraq hakimiyyətini qoruyur, Ayzenkot müxtəlif siyasi qüvvələrin dəstəyi ilə alternativ hökumət formalaşdırır, yaxud tərəflər arasında razılıq əldə olunmadığı üçün siyasi böhran uzanır və növbəti seçkilər zərurəti yaranır. Sonuncu ssenari İsrail üçün yeni hadisə deyil. Ölkə əvvəlki illərdə də uzunmüddətli koalisiya böhranları ilə üzləşib. Bununla belə, indiki vəziyyətin fərqi ondadır ki, daxili siyasi qeyri-müəyyənlik İranla qarşıdurmanın, Qəzza müharibəsinin nəticələrinin və regional təhlükəsizlik problemlərinin davam etdiyi dövrə təsadüf edir. Ona görə də İsrail seçkilərinin yekun siyasi nəticəsi yalnız ölkənin daxili idarəçiliyinə deyil, ABŞ-nin Yaxın Şərq strategiyasına və regionda qüvvələr balansına da təsir göstərə bilər. Əsas sual Netanyahunun seçkilərdə qalib gəlib-gəlməməsindən daha çox, İsrailin növbəti mərhələdə hansı siyasi və təhlükəsizlik kursunu seçəcəyidir.
Alim Nəsirov