Icma.az bildirir, Moderator.az portalına istinadən.
İranlı siyasi analitik Həmzə Rəhim Səfəvi İsrailə qarşı kimyəvi silah və “çirkli bomba”dan istifadə ehtimalını gündəmə gətirib.
Moderator.az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, Tehran Universitetinin müəllimi İranın ənənəvi və qeyri-ənənəvi silahlardan istifadə etməklə İsrail ərazisini yaşanmaz hala gətirmək imkanına malik olduğunu bildirib.
Səfəvi mümkün vasitələr sırasında kimyəvi silahları və “çirkli bomba”nı qeyd edib. O, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarının rəsmi açıqlanan 400 kiloqramdan çox ola biləcəyini iddia edib.
Analitik daha əvvəl də oxşar açıqlamalar verib. Avqust ayında o, İranın mövcudluğu təhlükə altına düşərsə, “çirkli bomba”dan istifadə edə biləcəyini istisna etməmişdi.
Qeyd edək ki, “çirkli bomba” nüvə silahı deyil. ABŞ Nüvə Tənzimləmə Komissiyasının izahına görə, bu qurğu radioaktiv maddələri ətrafa yaymaq üçün adi partlayıcıdan istifadə edir. Onun iş prinsipi nüvə reaksiyasına əsaslanmır.