Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 4 sentyabr, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail tərəfindən azad edilən daha dörd şəxsi Livana təhvil verib.
AZƏRTAC “Əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, BQXK-nın məlumatına görə, bununla İsrail tərəfindən azad edilərək Livana qaytarılan şəxslərin sayı beşə çatıb. Onlardan biri cümə axşamı, digər dördü isə bu gün, cümə günü təhvil verilib.
Livan Prezidenti Cozef Aun bu prosesdə iştirak edən bütün tərəflərə, xüsusilə ABŞ Prezidenti Donald Trampa və BQXK-ya təşəkkür edib. O, ilk qrupun azad edilməsini müsbət addım adlandırıb və Livanın tam suverenliyinin bərpası üçün növbəti addımların atılmasının vacibliyini vurğulayıb.
İsrail daha əvvəl Livanın cənubunda saxladığı beş şəxsin mülki olduqları müəyyənləşdirildikdən sonra azad ediləcəyini açıqlamışdı. Bununla da münaqişə başlayandan sonra İsrail Livanda saxladığı şəxslərdən ilk qrupu azad edib.
Livan tərəfinin məlumatına görə, 2024-cü ildən etibarən İsrail tərəfindən Livan ərazisində saxlanılan ən azı 33 şəxsin adı müəyyənləşdirilib. Livan hökuməti avqust ayında ABŞ-ın vasitəçiliyi ilə Romada keçirilən danışıqlarda bu şəxslərdən ilk qrupun azad edilməsini tələb edib.
İsrail Baş nazirinin ofisi isə beş mülki şəxsin azad edilməsini Roma danışıqlarından sonra 1980-ci illərin ortalarında vətəndaş müharibəsi zamanı Livanda oğurlanaraq öldürülən yəhudilərin dəfn yerlərinin müəyyənləşdirilməsi istiqamətində göstəriləni səylərlə əlaqələndirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə