525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib. AMB rəsmisi qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb: "Bu sahədə tənzimləyici dəyişikliklər üzərində də iş aparılır və onların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur. Bu sığorta şəxslərin işsiz qalması ilə bağlı risklərdən qorunmasına kömək edəcək. İşçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək. Beləliklə, istehlak kreditləri üzrə işsizlik sığortası kredit götürən şəxslərin işsiz qaldıqları halda qarşılaşa biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edən alət olacaq. Sığortanı əldə edib-etməmək isə müştərinin öz seçimindən asılıdır".
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni mexanizm bankların risklərini azalda, bu isə gələcəkdə kredit faizlərinə müəyyən dərəcədə təsir göstərə bilər. Mexanizmin kredit faizlərinə təsirini iki istiqamətdə qiymətləndirmək lazımdır: "İlk növbədə, kreditin sığortalanması bankın risklərini aşağı sala bilər. Risklərin azalması bankların kreditləşmə zamanı çəkdiyi xərclərin optimallaşdırılmasına, o cümlədən ehtiyatların idarə edilməsinə daha az vəsait yönəldilməsinə şərait yarada bilər. Nəticədə, bankların kredit faizlərini azaltması üçün imkan formalaşa bilər. Digər tərəfdən, sığorta xidmətinin özü də əlavə xərc yaradır. Bu xərcin kredit faizlərinə hansı səviyyədə təsir edəcəyini isə indidən dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki hələlik işsizlikdən sığortanın əhatə dairəsi, hansı hallarda qüvvəyə minəcəyi, sığorta şərtləri və xidmətin qiymətinin necə hesablanacağı tam aydın deyil".
Ekspertin sözlərinə görə, bütün bu parametrlər dəqiqləşdikdən sonra yeni mexanizmin kredit faizlərinə təsiri ilə bağlı daha əsaslandırılmış proqnoz vermək mümkün olacaq. Hazırkı mərhələdə risklərin azalmasının faizlərə azaldıcı təsiri ilə sığorta xidmətinin yaratdığı əlavə xərclərin təsiri arasında hansı nisbətin yaranacağı məlum deyil.
Əvvəlki kreditlərə gəlincə, R.Həsənov bildirib ki, mexanizmin tətbiqi bankların müvafiq sığorta məhsulunu müştərilərə təklif etməsini nəzərdə tuta bilər, lakin müştərinin bu xidmətdən istifadə etməsi könüllülük prinsipinə əsaslanır. İşsizlikdən sığorta məhsulu kredit götürülməzdən əvvəl müştəriyə təklif edilən xidmət olduğundan, əsasən yeni kreditlərə şamil olunması gözlənilir. Bu baxımdan, əvvəldən bağlanmış kredit müqavilələrinin avtomatik olaraq yeni mexanizmin əhatəsinə düşəcəyi qənaətinə gəlmək düzgün olmaz. Bununla belə, kreditin restrukturizasiyası zamanı fərqli vəziyyət yarana bilər. Belə hallarda bankla müştəri arasında yeni müqavilə bağlanarsa, sığorta məhsulunun təklif edilməsi də mümkün ola bilər. Lakin restrukturizasiya edilmiş kreditlər üzrə risklərin daha yüksək qiymətləndirilməsi sığorta şirkətlərinin daha yüksək xidmət haqqı müəyyənləşdirməsinə və ya sığortanı qəbul etməməsinə səbəb ola bilər.
R.Həsənov vurğulayıb ki, bu mexanizmin vətəndaşlar üçün əsas üstünlüyü iş yerini itirdikləri halda kredit öhdəliklərinin yaratdığı maliyyə yükünü müəyyən qədər azaltmaq imkanıdır: "Belə ki, sığorta şərtləri müvafiq halı əhatə edərsə, borcalan işini itirdikdən və gəlirləri azaldıqdan sonra kredit ödənişlərinin sığorta şirkəti tərəfindən qarşılanması mümkün ola bilər. Bu, ailə büdcəsində yaranan çətinliklərin və ödəmə qabiliyyətinin zəifləməsinin nəticələrini yumşalda bilər. Bununla yanaşı, sığortanın hansı hallarda ödəniş edəcəyi, kompensasiyanın məbləği və müddəti, eləcə də tətbiq olunacaq istisnalar müəyyənləşdikdən sonra vətəndaşların real olaraq hansı təminat əldə edəcəyi aydınlaşacaq".
Sevinc QARAYEVA