Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Son illər ölkədə urbanizasiya prosesinin sürətlənməsi aktual məsələlərdən birinə çevrilib.
Xüsusilə də paytaxt əhalisinin sayının artması iş, keyfiyyətli təhsil, tibbi xidmət və mədəniyyət mərkəzlərinin şəhərlərdə daha çox olması ilə bağlıdır. Yerlərdə iqtisadi imkanların məhdud olması və işsizlik əhalinin paytaxta köçməsini sürətləndirir.
Nəticədə isə həddindən artıq sıxlıq, nəqliyyat tıxacları, havanın çirklənməsi və ekoloji tarazlığın pozulması ilə yanaşı əsas problemlərdən biri kimi bölgələrdə yaşayan əhalinin sayı azalır.
Əhalinin isə yaşayış üçün Bakıya üstünlük verməsində ilk sırada işsizlik dayanır. Bu ilin sentyabr ayının birinə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247 min 700 nəfər olub.
Bu göstərici əvvəlki ayın eyni dövrünə nəzərən 600 nəfər və ya 2,4 % daha çoxdur. Belə ki, bu ilin avqust ayının birində ölkədəki işsiz şəxslərin sayı 247 min 100 nəfər idi.
Ötən ilin sentyabr ayının birinə nəzərən isə ölkədəki işsiz şəxslərin sayı 10,7 min nəfər, yaxud da 4,5 % artıb. 2025-ci ilin bir sentyabr tarixinə ölkədə 237 min nəfər işsiz şəxs vardı.
Qeyd edək ki, ölkədəki işsiz şəxslərin Azərbaycan əhalisinin təxminən 0,2 faizini tutur. Başqa sözlə, ölkədəki hər 100 şəxsdən 2-si işsizdir.
Dövlət Statistika Komitəsinin məlumatına nəzər salsaq görərik ki, 2015-ci ildə ölkədə işsizlik səviyyəsi 5 faiz olub, 2024-cü ildə bu rəqəm 5,3 faiz təşkil edib.
Həmin ildə ən çox işsiz sayı isə 7 faizlə Gəncədə, 7,9 faizlə Şirvan və Siyəzən, 8,4 faizlə Göyçayda qeydə alınıb.
Əgər 2015-ci ildə Siyəzən rayonda işsizlik səviyyəsi 4,8 idisə, bu rəqəm 2024-cü ildə 7,9 faizə yüksəlib. Eləcə də Gəncədə 5,9 faizdən 7 faizə, Göyçayda 4,7 faizdən 8,4 faizə yüksəlib.
Bundan başqa rəsmi məlumatlara əsasən, əgər 2015-ci ildə Bakıda sənaye sahəsində çalışanların sayı 94 633 nəfər təşkil edibsə, 2025-ci ildə isə bu rəqəm 126 441 nəfər olub.
İşsizlikdən sığorta ödənişi alanlara gəldikdə isə ölkə üzrə 2024-cü ildə bu rəqəm 3 963 nəfər təşkil edib. Ən az sığorta ödənişi alan 1 nəfərlə Yardımlı rayonu, 3 nəfərlə Balakən, ən çox isə 233 nəfərlə Abşeron rayonu olub.
Qeyd edək ki, bu gün bölgələrdə məşğulluqla bağlı rəsmi qeydiyyatda olmayan kifayət qədər əhali var.
İqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, işsizliyin qeydə alınması özü də bir işdir:
"Yəni bizdə bəzi ölkələrdə olduğu kimi avtomatik deyil. Vətəndaş özü müraciət etməli, işsiz kimi qeydiyyatdan keçməlidir. Bunun özü də bir problemdir. Bu, avtomatlaşdırılmalıdır ki, işsiz sayı görünsün. Amerikada, bəzi Avropa ölkələrində belədir. Bizdə işsizlik faciəvi şəkildə deyil. Ancaq getdikcə artır. Rəsmi işsizlərlə yanaşı qeyri-rəsmi işsiz statusu olanlar da var.
İş yerlərinin artması vergi güzəştlərindən, investisiya şəraitinin yaxşılaşdırılmasından, biznes üçün maneələrin aradan qaldırlmasından keçir".
Qeyd edək ki, bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar bir sıra sahələrdə ciddi problemlərin olduğunu deyirlər.
Halbuki sahibkarlara böyük vergi güzəşti ilə yanaşı, minimal faizli kredit və digər imkanlar yaratmaqla yeni müəssisələrin yaradılmasına nail olmaq olar ki, bununla da işsizliyi aradan qaldırmaq mümkündür.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: işsizlik Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin