İşsizlikdən Sığorta Fondunun adı dəyişdirilə bilər

05.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması üçün dövlət büdcəsindən 1,6 milyard manat ayrılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında DSMF və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, gələn il məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin 7 milyard 585 milyon manat olacağı proqnozlaşdırılır. O, gəlirlərin hesablanması metodologiyasının tətbiqi və qeyri-neft, qeyri-dövlət sektorunda gözlənilən dəyişikliklərlə bağlı suallar qaldırıb.

V.Bayramov, həmçinin 2027-ci ildə DSMF-nin bəzi xərc istiqamətlərində, xüsusilə sair xərclərdə 30 faizlik artımın səbəblərinin açıqlanmasını istəyib.

Deputat işləməyən şəxslər vəfat etdikdə onların ailələrinə də dəfn müavinəti verilməsini təklif edib. Onun sözlərinə görə, bu addım əlavə ciddi maliyyə yükü yaratmadan ehtiyacı olan ailələrə dəstək ola bilər.

İşsizlikdən Sığorta Fondunun xərclərinə də toxunan deputat qeyd edib ki, 2027-ci ildə fondun 319,2 milyon manatlıq xərclərinin cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək.

V.Bayramov hesab edir ki, fondun xərclərinin strukturuna yenidən baxılmalı, yaxud onun adı fəaliyyət istiqamətlərinə uyğun olaraq “Məşğulluq və işsizlikdən sığorta fondu” kimi dəyişdirilməlidir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью