İştahı necə tənzimləyək? DİETOLOQ DANIŞDI

27.10.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İştahanın qəfil artması və ya azalması birbaşa qidalanma rejimimizlə əlaqəli ola bilər. Mən bir dietoloq olaraq hər zaman vurğulayıram ki, orqanizmimiz bizə müəyyən siqnallar verir və biz bu siqnalları düzgün dəyərləndirməyi bacarmalıyıq.

Bu sözləri SİA-ya dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, gün ərzində uzun müddət ac qalmaq, yemək saatlarını ötürmək, balanssız qidalanmaq, xüsusilə də sadə karbohidratlara üstünlük vermək iştahanın artmasına səbəb ola bilər. Bəzən insanlar düşünürlər ki, nə qədər az yesələr, bir o qədər tez arıqlayacaqlar. Halbuki həddindən artıq kalori məhdudiyyəti sonradan güclü aclıq hissinə və normadan artıq qidalanmaya gətirib çıxara bilər:

“Zülal çatışmazlığı da burada mühüm rol oynayır. Zülal bizi daha uzun müddət tox saxlayan əsas qida maddələrindən biridir. Gündəlik rasionumuzda kifayət qədər zülal olmadıqda toxluq hissi daha tez itə bilər və insan gün ərzində tez-tez nəsə yemək ehtiyacı hiss edə bilər.

Eyni zamanda, lifli qidaların azlığı, balanssız qidalanma, yuxusuzluq və stress də iştahanın idarə olunmasını çətinləşdirir. Vitamin və mineral çatışmazlıqları da bəzi hallarda iştahaya təsir göstərə bilər. Ancaq hər iştaha dəyişikliyini vitamin çatışmazlığı ilə əlaqələndirmək doğru deyil.

Mənim tövsiyəm odur ki, ilk növbədə qidalanmamızda balans yaratmalıyıq. Hər əsas yeməkdə zülal mənbəyi, kifayət qədər tərəvəz, faydalı yağlar və fərdi ehtiyaca uyğun kompleks karbohidratlar olmalıdır. Yuxu rejiminə diqqət etməli, kifayət qədər su içməli və gündəlik fiziki aktivliyi unutmamalıyıq.

Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm: iştahanın artması hər zaman iradəsizlik, azalması isə sağlam qidalanma göstəricisi deyil. İştahamız hormonal sistemimiz, psixoloji vəziyyətimiz və ümumi sağlamlığımızla sıx əlaqəlidir.

Əgər iştahada qəfil və davamlı dəyişikliklər varsa, bunun arxasında qalxanabənzər vəz problemləri, qanda şəkərin tənzimlənməsi ilə bağlı pozğunluqlar və ya digər sağlamlıq problemləri də dayana bilər. Belə hallarda mütləq səbəb araşdırılmalıdır.

Unutmayaq ki, sağlam qidalanmaq ac qalmaq demək deyil. Əsas məqsəd orqanizmimizi düzgün qidalandırmaq, aclıq və toxluq hissimizi sağlam şəkildə tənzimləməkdir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью