Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 2 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı çərçivəsində reallaşan forum iki gün davam edəcək. Foruma 28 ölkədən 29 azərbaycanlı gənc, eləcə də Azərbaycana dost xalqları təmsil edən diaspor fəalları qatılıblar.
İki gün davam edəcək forumun ilk günündə təşkil edilən açılış mərasimində çıxış edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Valeh Hacıyev Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, onun gəncliyinə verdiyi dəyərin nümunəsi olduğunu bildirib: “Bir vaxtlar Ulu Öndər tərəfindən oxumasına təkan verilən gənclər bu gün ölkəmizin gələcəyi üçün xidmət edirlər. Azərbaycan gəncliyinin birlik və bərabərliyi Vətən müharibəsi dövründə dünyanın demək olar ki, bütün ölkələrində özünü ən gözəl şəkildə büruzə verdi”.
O, bu gün Azərbaycan və Türkiyənin dünyada yürütdüyü sülh siyasəti, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərləri barədə danışıb, ölkəmizdə aparılan inkişaf proseslərindən bəhs edib”.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Qarabağ Zəfəri və bu qələbəyə gedən yol haqqında danışaraq Türk dünyasının tarixi Zəfəri hesab edilən, ortaq tariximizin bu şanlı səhifəsini gələcəyə çatdırmağın gənclərin üzərindəki bir vəzifə olduğunu deyib.
O, Azərbaycanın gənclərə verdiyi dəyər, Ulu Öndər Heydər Əliyevin gənclərin təhsilinin artırılması istiqamətində gördüyü işlərin Prezident İlham Əliyevin liderliyi ilə bu gün də Azərbaycan Dövləti tərəfindən uğurla davam etdirildiyini deyib.
Mərasimdə danışan İstanbulun Bağcılar rayonu üzrə kaymakamı Abdullah Uçqun Türk gənclərinin milli-mənəvi dəyərlərindən uzaqlaşmamasının, əksinə yaşadığı ölkələrdə Vətənini layiqincə təmsil etməsi və tanıtmasının vacibliyini vurğulayıb. “Bir millət, iki dövlət” kəlamının burada böyük əhəmiyyət daşıdığını qeyd edən A.Uçqun Türk Dövlətləri Təşkilatının yaradılması ilə bu anlayışın bütün türk xalqları arasında birliyin rəmzinə çevrildiyini bildirib.
Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev isə çıxışında türk gənclərinin dünyanın hər yerində birlik nümunəsi olması gərəkdiyini vurğulayaraq ortaq tariximizin tanıdılması baxımından da diaspor gənclərinin rolunu vurğulayıb.
TADEF-in sədri Ədalət Turan isə fikirlərini izah edərək, gənclərin və özünü gənc hesab edən hər kəsin ölkəsinin gələcəyinə töhfə vermək üçün üzərinə düşəni etməsinin vacibliyini vurğulayıb.
Sonra dünyanın müxtəlif ölkələrindən gələn gənclərin fikirləri dinlənilib.
Tədbir əsnasında Azərbaycan diasporunun fəaliyyətini və diaspor gənclərinin yay düşərgələrini əks etdirən videoçarxlar nümayiş olunub.
Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor fəaliyyətinə cəlb olunmasıdır.
Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçiriləcək. Eyni zamanda, “Azərbaycan dilinin qorunması və təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.
Bununla yanaşı, Forum çərçivəsində Azərbaycan Diaspor Gənclərinin 2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi də nəzərdə tutulur.