İstanbulda güclü dolu və leysan: Avtomobillər tuneldə qaldı YENİLƏNDİ

21.11.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərində güclü leysan və qoz böyüklüyündə dolu yağıb. Nəticədə yollar ağ örpəyə bürünüb, bəzi avtomobillər tuneldə hərəkətsiz qalıb.

Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” nəşri məlumat yayıb.

Dolu xüsusilə Silivri və Çatalca rayonlarında təsirli olub. Silivri rayonunun Akören məhəlləsində yağan iri dolu qısa müddətdə yolları və səkiləri ağ rəngə boyayıb. Bəzi sürücülər avtomobillərini doludan qorumaq üçün örtüklərlə bağlayıblar.

Şimali Mərmərə magistralının Çatalca ərazisində yerləşən tunelində isə dolu səbəbindən bir neçə avtomobil hərəkətsiz qalıb və uzun nəqliyyat növbələri yaranıb.

Böyükçəkməcə rayonunda güclü yağış küçə və prospektlərdə su yığılmasına səbəb olub. Sürücülər çətin hava şəraitində ehtiyatla hərəkət etməli olublar.

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin 20 vilayəti üzrə güclü yağış və şimşəkli leysanla bağlı sarı xəbərdarlıq yayıb.

Meteoroloq Orxan Şən isə çərşənbə axşamından etibarən Balkanlardan gələcək soyuq hava kütləsinin Egey və Aralıq dənizi sahilləri istisna olmaqla, ölkə üzrə temperaturu 7-9 dərəcə aşağı salacağını bildirib. Onun sözlərinə görə, bəzi yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. İstanbulda isə temperaturun gündüz 9-10, gecə 4-5 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью