Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Ermənistanın Avropa İttifaqına qoşulması yalnız mümkün ssenarilərdən biridir, çünki ölkənin Aİ üzvü olmaq istəyi məsələni həll etmək üçün kifayət deyil.
"Bakupost" Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Radio France Internationale” (RFI)-yə verdiyi müsahibədə bildirib.
Baş nazir qeyd edib ki, "Məsələni həll etmək üçün təkcə Ermənistanın istəyi kifayət deyil: Avropa İttifaqı özü də daha da genişlənmənin məqsədəuyğun olub-olmadığına qərar verməlidir".
O, bu gün də Aİ daxilində bu məsələ ilə bağlı fərqli fikirlərin olduğunu qeyd edib.
Paşinyan əlavə edib ki, hökumətin strateji məqsədi Ermənistanın Avropa İttifaqına qoşulub-qoşulmaması deyil, ölkə və xalqı üçün əvvəllər çatışmayan alternativlər yaratmaqdır.
“Məqsəd alternativlər təklif etməkdir və sonra cəmiyyət Ermənistanın AİB-də qalıb-qalmayacağına, Aİ-yə qoşulmaq istəyib-istəmədiyinə, yoxsa heç bir ittifaqa qoşulmaq istəmədiyinə qərar verə biləcək. Hər halda, qalib biz olacağıq, çünki islahatlar həyata keçirməklə sonda Avropa standartlarına tam uyğun bir dövlətə nail olacağıq”, - deyə Paşinyan əlavə edib.
Eyni zamanda, Ermənistanın Baş naziri bir daha vurğulayıb ki, Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsini istəmir: "Məqsədlərimiz Rusiya Federasiyası ilə münasibətlərin pozulması və ya pisləşməsi olmayıb və olmayacaq da".