İstəmədən edilən oğurluq

03.08.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Həmin gün Barselonanın məşhur mağazalarında və supermarketlərində o qədər alış-veriş etmişdim ki, bank kartım bloklanmışdı.

Xoşbəxtlikdən, bu, uzunmüddətli deyildi — cəmi 24 saatlıq məhdudiyyət idi.

Görünür, gündəlik xərcləmə limitini aşmışdım. Amma hələ almaq istədiyim, gözümün qaldığı o qədər şey vardı ki...

Barselona mənim uşaqlıq arzum idi. Uşaqlıqdan qardaşım futbolda italyanlara, mən isə ispanlara azarkeşlik edərdim. İllər sonra xəyalımı gerçəkləşdirmiş, nəhayət, Barselonaya gəlmişdim.

Ancaq kart məsələsi sevincimə bir qədər kölgə salırdı. Barselona Kafedralının yaxınlığında gəzərkən maraqlı bir suvenir mağazası gördüm. Qarşısında dayanıb öz-özümə dedim: "Baxmaq da pulla deyil ki..."

Rəflər rəngbərəng əşyalarla dolu idi. Diqqətimi xüsusilə mozaika üslubunda hazırlanmış öküz fiquru çəkdi. O qədər də böyük deyildi, amma iki əllə tutmaq lazım gəlirdi.

Öküzü əlimə götürüb diqqətlə nəzərdən keçirə-keçirə mağazanın o biri hissəsinə keçdim.

“Souvenir shop” geniş və iki hissədən ibarət idi. İmkanım olsaydı, az qala bankdan kredit götürüb suvenirlərin bir neçəsini alardım. Ən çox da əlimdəki öküzü.

Ürəyim yana-yana öküzü yerinə qaytarmağa gedirdim, birdən kassirin qışqırdığını eşitdim. Danışılan dili bilmədiyim üçün əvvəlcə nə baş verdiyini anlamadım. Bir qədər yaxınlaşanda kassirin mağazadakı müştərilərdən biri ilə italyanca mübahisə etdiyini gördüm. Söhbət kifayət qədər ciddi görünürdü. Bir neçə dəqiqə ərzində səslər yüksəldi, tərəflər bir-birini itələyə-itələyə mağazadan küçəyə çıxdılar. Ətraflarına insanlar toplaşdı və mübahisə davaya çevrildi. Çox keçmədi ki, mağazanın qarşısına üzərində “Guardia Urbana de Barcelona” yazılmış polis avtomobilləri gəldi. Mən və başqa turistlər vitrinin arxasından küçədə baş verən qarışıqlığı izləyirdik.

Bir neçə polis əməkdaşı mağazaya daxil oldu və bizə nəsə deyərək hamını tələsik çölə çıxarmağa başladı. Mən isə hələ də öküzü əlimdə tutmuşdum. Fiquru polisə göstərib, onun mağazaya aid olduğunu və içəri qaytarmaq istədiyimi anlatmağa çalışırdım. Amma polis məni dinləmək fikrində deyildi. Əl işarələri ilə geri çəkilməyimi, hətta ərazidən uzaqlaşmağımı tələb edirdi.

Beləcə, mağazanın sahibi küçədə mübahisə edir, polis insanları ərazidən uzaqlaşdırır, mən isə əlimdə rəngbərəng öküzlə ortada qalmışdım, suveniri qaytarıb yerinə qoymağa imkan olmadı.

Məcburən Kafedralın ətrafından uzaqlaşıb piyada La Rambla istiqamətində irəlilədim. Hər addımda geri çevrilib baxır, bəlkə kimsə arxamca gələr deyə gözləyirdim. Amma heç kim gəlmədi. Beləliklə, həmin öküz mənim istəmədən “oğurladığım” Barselona xatirəsi oldu. İndi o, otağımda suvenirlər üçün ayırdığım rəfdə dayanır. Rəngli olduğu üçün otağın hansı tərəfindən baxsan, mütləq gözünə dəyir. Bəzən ən yaddaqalan səyahət xatirələri planlaşdırdıqlarımız deyil, təsadüfən bizimlə evə qayıdanlardır.

Jalə Orucova

(Barselona, İspaniya)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью