525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Müstəqillik əldə etdikdən sonra yerindən bilavasitə neftin hesabına start götürmüş hər hansı bir ölkənin iqtisadiyyatını birdən-birə qeyri-neft sahələrinin üzərinə ötürmək qeyri-mümkün məsələdir. Buna vaxt lazımdır. İstənilən iqtisadi inkişaf dinamikası satışa və ixraca bağlıdır. Neft iqtisadiyyatımızı ona görə qaldırdı və inkişafımıza səbəb oldu ki, biz onu xaricə satırıq, valyutaya çevirə bilirik. Onu emal edib sata da bilərik, satırıq da. Lakin xammalı daha yaxşı və operativ reallaşdırmaq olur. Çünki, emal üçün müvafiq infrastruktur olmalıdır”.
İqtisadçı-ekspert Pərviz Heydərov bu fikri 525.az-a deyib. O vurğulayıb ki, qeyri-neft sektoru üzrə də belədir. Ümumiyyətlə, xammalı realizə etmək emal məhsulundan daha asan və rahatdır:
“Bir ara ölkəmizdən qeyri-neft sektoru üzrə ixrac azalmışdı. 2025-ci ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixracın 18,4% artaraq 1,2 milyard ABŞ dollarına çatdığı qeydə alınıb. Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb. 2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26,7% çoxalaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib”.
Sevinc Qarayeva