Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Güclü istilər zamanı yolların asfalt örtüyü yumşaldığı üçün zədələnir, dəmir yollarında deformasiyalar əmələ gəlir, elektrik xətləri normadan artıq yüklənir, svetoforlar sıradan çıxır. Ona görə də hazırda Avropa İqtisadi Komissiyası güclü istilərə dözümlü nəqliyyat infrastrukturunun yaradılmasını prioritet elan edib.
Yüksək istilərə davamlı asfalt hazırlamaq üçün polimerlər əlavə olunmuş bitiumdan isttifadə edilir. Bu cür materiallar artıq tətbiq olunur. “TotalEnergies” və “Shell” şirkətləri yüksək istilərə davamlı bitium materiallarının istehsalına başlayıblar. Bu isə Avropada yeni bazarın yaranması deməkdir.
Dəmir yollarına gəlincə, yüksək istinin təsiri ilə relslər qızır və genişlənir. Bu da onların deformasiyasına gətirir. Nəticədə qatarların hərəkətində problemlər yaranır. BMT xəbərdarlıq edib ki, əgər istiyədavamlı dəmir yolları yaradılmasa, qatarların hərəkətində pozulmalar getdikcə artacaq. Bu isə dəmiryolu sistemlərinin təkmilləşdirilməsi üçün yeni həllərin təklif olunması zərurətini gündəmə gətirir. Almaniyanın “Vossloh” və “Pandrol” şirkətləri artıq bu problemin həlli üçün variantlar təklif etməyə başlayıblar.
İstiyədavamlı materialların hazırlanması tikinti sektoru üçün də aktualdır. “Heidelberg Materials”, “Holcim” və “Sika” kimi şirkətlər ekstremal istiyə davamlı beton, hermetika, armatur təklif etməyə başlayıblar.
Digər istiqamət energetika sektorudur: burada yüksək istiyə davam gətirən kabellər, ötürücü sistemlər bazarı genişlənməyə başlayıb.
Beləliklə, Avropa investisiya bazarında yeni trend yaranır. Əgər indiyə qədər əsas istiqamət yaşıl texnologiyalar, iqtisadiyyatın dekarbonizasiyası idisə, indi yüksək istiyə davam gətirən sistemlər üçün materiallar aktuallaşmağa başlayır. Ekspertlər investorları məhz bu şirkətlərin səhmlərinə diqqət yetirməyə çağırırlar.
Tariyel Həsənov
AzVision.az