İsti havalarda özünüzü qorumağın 5 sadə YOLU

20.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsti havalarda uzun müddət günəş altında qalmaq və kifayət qədər maye qəbul etməmək orqanizm üçün təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, həkim Aleksey Abızov aif.ru-ya açıqlamasında isti havaya daha asan dözmək üçün bir sıra tövsiyələr verib.

Həkimin sözlərinə görə, ilk növbədə susuzlaşmanın qarşısını almaq lazımdır. Əks göstəriş olmadıqda böyüklər gün ərzində təxminən 1,5-2 litr maye qəbul etməlidirlər. Çox tərləyən və ya fiziki fəaliyyətlə məşğul olan şəxslər isə əlavə olaraq 500-1000 millilitr maye içməlidirlər.

Abızov isti havalarda şəkərli və spirtli içkilərdən uzaq durmağı məsləhət görüb.

Həkim günəşdən qoruyucu kremdən istifadə etməyin də vacib olduğunu bildirib. Krem çölə çıxmazdan 15-30 dəqiqə əvvəl açıq dəriyə çəkilməlidir. Şəhərdə gəzinti üçün ən azı SPF 30, dağlıq ərazilərdə və çimərlikdə uzun müddət qalmaq üçün isə SPF 50 olan kremlərdən istifadə etmək tövsiyə olunur.

Bundan əlavə, isti havalarda boş, açıq rəngli geyimlərə və papağa üstünlük vermək lazımdır. Fiziki fəaliyyəti səhər və ya axşam saatlarına saxlamaq, açıq havada işləyən şəxslərin isə mütəmadi fasilələr verməsi məsləhətdir.

Həkim bildirib ki, imkan olduqda kölgədə və ya sərin otaqda dincəlmək lazımdır.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью