Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında İlham Əliyevdən sitat gətirib
Elm adamları, siyasətçilər, o cümlədən jurnalistlər konkret fakt və şəraitlə bağlı həlledici, həssas məqamlarda obyektivliyinə və səhihliyinə tam etibar etdikləri mənbəyə (həmin mənbə obyekt də ola bilər, subyekt də -red.) istinad edirlər. Buraya içində yaşadığımız tarixi hadisələrin qloballığı amilini də əlavə etsək, istinad edilən mənbənin mötəbərliliyinə hətta qarşı duran tərəflərin belə şübhə etrməməsi xüsusi əhəmiyyət kəsb edir. Siyasət aləmində, diplomatik münasibətlərdə isə belə hallar istinad edilənin xüsusi çəkiyə və əlahiddə nüfuza malik olmasının göstəricisinə çevrilir.
Donald Trampın prezident seçilməsindən əvvəl və sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə onun arasında səmimi münasibətlər mövcud idi. Bu münasibətlərin ən yüksək mərhələyə çatması İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a səfəri və Vaşinqtonda imzalanan sənədlərin tarixi əhəmiyyəti ilə xarakterizə oluna bilər. Məhz ötən ilin avqustundan etibarən iki ölkə və iki lider arasında münasibətlərin yeni mərhələsi başlandı.
***
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı dövlətimizn başçısı İlham Əliyevin adını çəkməsi və onun sözlərini sitat gətməsi dünya mediasının diqqətindən yayınmadı. Qərb mediasının yazdığına görə, Birləşmiş Ştatların lideri planetdə müharibələrə son qoymaq yolunda əldə olunan irəliləyişi “altı ay ərzində baş vermiş möcüzə” adlandıran Prezident İlham Əliyevin sözlərinə istinad edib. “Azərbaycan Prezidenti belə dedi: “Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu heç kimin mümkün hesab etmədiyi tamamilə möcüzəvi hadisə idi”. ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşmanı öz prezidentliyi dövründə, həllinə nail olunmuş münaqişələr sırasında qeyd edərək, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini də xatırladıb. On onun sözlərinə görə, Paşinyan əldə olunan irəliləyişin ABŞ Prezidentinin şəxsi iştirakı və onun sülhə qəti sadiqliyi olmadan mümkün olmayacağını deyib.
Bunun ardınca Donald Tramp Azərbaycan və Ermənistan arasında normallaşmanı Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, eləcə də Pakistan və Hindistan arasında əldə olunan razılaşmalarla yanaşı qeyd edib. Ağ Evin sahibinın sözlərinə görə, münaqişələrin nizamlanması zamanı o, ölkə liderləri ilə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və tariflərin tətbiqi hədəsindən istifadə edib, amma bu yanaşmalar konkret ölkədən asılı olub.
ABŞ lideri özünün “X” platformasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb. O, müsahibəyə istinadla bunları önə çəkib: “Newsmax” Hacıyevin müsahibəsini “Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.
Oxuculara xatırladaq ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi məlum müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışarkən aşağıdakıları bildirib: “Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ və Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”. O, daha sonra 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb: “Prezident Trampın liderliyi bu prosesə onun siyasi çəkisini gətirdi və Ermənistanla Azərbaycanı son sülhə nail oldu”. Bundan başqa, H.Hacıyev Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin formalaşmasına töhfə verdiyini vurğulayıb: “Prezident Donald Tramp və Prezident İlham Əliyev ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar”.
***
Möhkən və səmimi dostluq ağır sınaqlardan çıxaraq formalaşır. Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində enişli-yoxuşlu müxtəlif mərhələlərdən keçib, hərdən qarşılıqlı əməkdaşlığın gərginlik dalğaları ilə müşayiət olunub. Amma Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər göründü. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaratdı. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoq gələcəyin prioritet istiqamətlərinə çevrildi. Tramp hələ birinci prezidentliyi dövründə ölkəmizlə dostluq və əməkdaşlığın möhkəmlənməsinə ayrıca diqqət yetirirdi. Məhz həmin dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirdi. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Məsələyə bu kontekstdən yanaşanda həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri çoxaldır.
Rəsmi Bakı Donald Trampın ABŞ-a rəhbərlik etdiyi hər iki dönəmdə Vaşinqtonun dünyada gedən proseslərə obyektiv və ədalətli yanaşmasının, beynəlxalq hüquqa hörmətin, sülhə və sabitliyə dəstək və töhfələr verdiyinin şahidi oldu. Azərbaycan rəhbərliyi Ağ Ev Adminstrasiyasının ölkəmizi regional güc kimi qəbul etdiyini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu gördükcə, buna adekvat addımları ilə etibarlı dost, güvənilən tərəfdaş imicini isbatladı. Bakının səmimi sülh səylərini dəstəkləyən Donald Tramp isə bölgədə normallaşmaya nail olunmasında, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində oynadığı rolu ilə eyni statusa malik olduğunu nümyiş etdirdi.
8 avqust Vaşinqton görüşlərini şərh edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin mahiyyətini belə ifadə edib: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan–Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi”.
Bu gün artıq birmənalı olatraq deyə bilərik ki, ABŞ-ın Cənubi Qafqazda normallaşma prosesinə birbaşa dəstəyi bölgədə sülhün əldə olunmasında həlledici amil olub. Dövlətimizn başçısının “Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir” açıqlaması və Ağ Ev sahibinin şəxsinə ünvanlanan “O, bizimlə eyni ailə dəyərlərini paylaşır” sözləri geniş rezonans doğurdu. Məhz bu səmimi və dostluq münasibətinin müqabilində dünyanın “böyük güclər”indən birinin liderinin planetin ən yüksək tribunasından – BMT Baş Assambleyasının sessiyasında Azərbaycan Prezidentinin sözlərinə mötəbər mənbə kimi müraciət etməsi tədbirin iştirakçısı olan 190-dan çox dövlət və hökumət başçısının yaddaşına həmişəlik həkk olundu.
İ.HƏSƏNQALA
XQ