Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyində “Nida qoyulan tarix” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Azərbaycan xalqının şanlı Zəfər tarixini yad etmək, Vətən uğrunda döyüşmüş qəhrəmanlarımızın fədakarlığını ehtiramla anmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri Abbas Abbaslı və baş leytenant Kamil Musavi çıxış edərək döyüş xatirələrini bölüşüb, Vətən müharibəsi zamanı yaşadıqları hadisələr və Zəfərə aparan yol haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Çıxışlarda Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, peşəkarlığı, qəhrəmanlığı və əsgər-zabit heyətinin göstərdiyi misilsiz şücaət xüsusi vurğulanıb. Həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin, qətiyyətli rəhbərliyinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığı qeyd edilib.
Proqramın bədii hissəsində Zəfər Gününün ruhunu, Vətənə məhəbbəti və qəhrəmanlıq duyğularını əks etdirən musiqi və bədii çıxışlar təqdim olunub.