Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 28 yanvar, AZƏRTAC
İsveç Böyük Britaniya və Fransa ilə ölkənin nüvə silahları vasitəsilə qorunması məsələsini müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, İsveçin Baş naziri Ulf Kristersson bildirib: “Hazırda həm Fransa, həm də Böyük Britaniya ilə danışıqlar aparırıq. Hələlik heç bir aydınlıq yoxdur. Fransanın nüvə silahları yalnız Fransaya məxsusdur, lakin Paris digər ölkələrlə müzakirələrə açıq olduğunu nümayiş etdirir”.
Baş nazirin sözlərinə görə, müzakirələr ilkin mərhələdədir və hələlik konkret təkliflər və ya son tarixlər müəyyən edilməyib. O, həmçinin İsveçin hazırda öz ərazisində nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmədiyini qeyd edib.
Böyük Britaniya hökumətinin sözçüsü nəşrə açıqlamasında Baş nazir Keir Starmerin isveçli həmkarı ilə “nüvə çətiri” məsələsini müzakirə etdiyini təsdiqləyib.
Qəzet əlavə edir ki, İsveç NATO üzvü olduğu üçün artıq alyansın nüvə müdafiəsi çərçivəsinə daxildir. Bununla belə, Fransa və Böyük Britaniya ilə mümkün razılaşma Stokholmun ABŞ-ın nüvə silahlarından asılılığını azaltmaq niyyətini göstərə bilər.