İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

06.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 6 sentyabr, AZƏRTAC

İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərova diqqət yetirib.

AZƏRTAC xəbər verir ki, İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizəd haqqında reportaj hazırlayıb. Onların ən gənci — Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Ən yaşlı namizəd isə yamaykaəsilli Yaşıllar Partiyasının nümayəndəsi Ken Kubulensodur. Onun 95 yaşı var.

Yaş fərqi 77 il olsa da, hər iki namizəd cəmiyyətin inkişafında iştirak etmək istədiklərini bildirib, siyasət və həyatla bağlı fikirlərini bölüşüb.

İsveç telekanalına müsahibəsində Rihad Ələkbərov, xüsusilə, partiyasında geniş yayılmış mövqedən fərqlənən bir məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəkləyir, halbuki Mötədillər Koalisiya Partiyasının bir çox nümayəndəsi bu inhisarın ləğvinin tərəfdarıdır.

95 yaşlı Ken Kubulenso söhbətin sonunda gənc namizədə tövsiyələrini verərək onu siyasətlə məşğul olmağa və cəmiyyətin yaxşılaşdırılması və inkişafı istiqamətində çalışmağa davam etməyə çağırıb.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью