Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İsveç hökuməti rusiyalı idmançıların ölkədə keçirilən beynəlxalq yarışlarda iştirakına qarşı mövqeyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi saytında məlumat yayılıb.
Hökumətin mövqeyinə görə, rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakı Rusiyanın siyasi maraqlarına xidmət edə və Ukraynada davam edən müharibənin normallaşdırılmasına şərait yarada bilər. Bu səbəbdən ölkənin hakimiyyət orqanları onların İsveçə girişinin məhdudlaşdırılmasını dəstəkləyir.
İsveçin miqrasiya naziri Yohan Forsell bildirib ki, rusiyalı idmançıların ölkəyə səfəri və yarışlarda iştirakı İsveçin beynəlxalq münasibətləri üçün risk hesab oluna bilər.
Qeyd edək ki, İsveç 2027-ci il fevralın 24-dən martın 7-dək Falun şəhərində xizək idman növləri üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan başqa, 2028-ci ilin yanvarında Malmö şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.
Xatırladaq ki, Finlandiya və Norveç də rusiyalı idmançıların ölkələrində keçirilən beynəlxalq yarışlarda iştirakına məhdudiyyətlər tətbiq ediblər.