Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
İsveçdə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, keçmiş baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi solmərkəzçi müxalifət bloku ilə hazırkı baş nazir Ulf Kristerssonun sağmərkəzçi bloku arasındakı fərq müxalifətin xeyrinə cəmi üç mandat təşkil edir. Yekun nəticələr sentyabrın 16-dan tez açıqlanmayacaq. Lakin artıq indidən aydındır ki, ölkə yarıbayarı bölünmüş parlamentlə və müxalifətlə kompromislərə getməyə məcbur olacaq hökumətlə üzləşəcək.
Qaynarinfo xəbər verir ki, İsveçdə parlament seçkilərinin ilkin nəticələri heç kimi sevindirməyib. Ekzit-pollar keçmiş baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi Sosial-Demokrat Fəhlə Partiyasının başçılıq etdiyi solmərkəzçi müxalifətin bir mandat üstünlüklə qələbə qazanacağını göstərirdi. Lakin səhərə yaxın sol düşərgənin üstünlüyü üç mandata qədər artıb: 176 mandat, 173 mandat.
Hazırda bülletenlərin təxminən 95 faizi hesablanıb. Poçt vasitəsilə və ya xaricdən göndərilən bülletenlərin hesablanması sentyabrın 16-dan tez başa çatmayacaq. Seçkilərdə yekun seçici fəallığı 80,4 faiz təşkil edib. Avropa üçün bu göstərici kifayət qədər yüksək sayılsa da, İsveç üçün son illərin rekord göstəriciləri nəzərə alınmaqla nisbətən aşağıdır. 2018-ci ildə seçkilərdə rekord sayda — seçicilərin 87,2 faizi, 2022-ci ildə isə 84,2 faizi iştirak etmişdi. Siyasi fəallığın azalması tendensiyası açıq şəkildə müşahidə olunur.
Bu seçkilərin əsas sensasiyası sağ populistlərin — “İsveç Demokratları” partiyasının nəticələri olub. Rəy sorğuları onlara seçicilər arasında dəstəyin görünməmiş dərəcədə artacağını vəd edirdi; bəzi hallarda bu göstəricinin rekord 28 faizə çatacağı proqnozlaşdırılırdı. Lakin partiya hətta 2022-ci il seçkilərindəki uğurunu təkrarlaya bilməyib. İlkin nəticələrə görə, “İsveç Demokratları” 17,6 faiz səs toplayıb. Halbuki əvvəlki seçkilərdə onların göstəricisi 20 faiz həddini keçmişdi.
Dəstəyin azalması təsadüfi deyil. “İsveç Demokratları” hakim koalisiyanın tərkibinə daxil olmasalar da, baş nazir Ulf Kristerssonun azlıq hökumətini parlamentdə situativ şəkildə dəstəkləyirdilər. Hazırkı seçkilərdən sonra onların koalisiya hökumətində yer alacağı gözlənilirdi ki, bu da bəzi seçiciləri partiyadan uzaqlaşdırıb.
Seçkilərin nəticələrindən aydın olub ki, yaxın illərdə ölkənin həyatına İsveç cəmiyyətindəki dərin parçalanma ciddi təsir göstərəcək. Sol qüvvələrin 49,5 faiz, sağ qüvvələrin isə 49,1 faiz səs toplaması ölkənin klassik Skandinaviya “sosial dövlətinin” qorunmasının tərəfdarları ilə sərt bazar islahatlarının tərəfdarlarına bölündüyünü göstərir.
Sağ blok hələlik müxalifətdən geri qalsa da, hazırkı baş nazir Ulf Kristersson məğlubiyyəti etiraf etməkdən qəti şəkildə imtina edir. Gecə açıqlanan nəticələri “heyrətamiz” adlandıran Kristersson hakimiyyət məsələsinin sonuncu bülleten hesablanana qədər açıq qalacağını vurğulayıb. O, sağ qüvvələrin hakim koalisiyanı qorumaq uğrunda mübarizə aparacağını bildirib.
Hökumət başçısının bu sərt mövqeyi siyasi qeyri-müəyyənliyi qeydə alan İsveç bazarlarında və iri biznesdə narahatlığı daha da artırır. Belə qeyri-sabitlik şəraitində ekspertlər ən real ssenarinin Maqdalena Anderssonun baş nazir postuna qayıtması olduğunu bildirirlər. Lakin onun siyasi dönüşü olduqca çətin olacaq.
Andersson hökumətə rəhbərlik edəcəyi təqdirdə diqqəti mövcud iqtisadi siyasətin yenidən nəzərdən keçirilməsinə yönəltməyə çalışacaq. İlk növbədə o, səhiyyə və təhsil sahələrində sağ qüvvələrin başlatdığı özəlləşdirmə proseslərini dondurmağa, həmçinin sosial proqramların maliyyələşdirilməsi üçün vəsait çatışmazlığını aradan qaldırmaq məqsədilə biznes üçün vergiləri artırmağa cəhd göstərəcək.
Bununla yanaşı, miqrasiya və milli təhlükəsizlik məsələlərində, o cümlədən NATO-ya inteqrasiyanın davam etdirilməsi və Ukraynanın dəstəklənməsi siyasətində ciddi dəyişikliklərin baş verəcəyi ehtimal edilmir.
Yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi İsveçin siyasi sistemi üçün uzun və çətin sınağa çevriləcək. Yeni çağırış parlamenti tam parçalanma şəraitində fəaliyyət göstərəcək. Bu vəziyyətdə potensial hökumətlərin heç birinin müxalifətin mövqeyini nəzərə almadan qərarlar qəbul etmək üçün rahat çoxluğu olmayacaq.
İstənilən mühüm qanun layihəsinin qəbul edilməsi və büdcənin təsdiqlənməsi qarşılıqlı güzəştlərlə müşayiət olunan yorucu prosesə çevriləcək və bunun nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətin olacaq.
Aydın