Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Stokholm, 11 oktyabr, AZƏRTAC
İsveçdə çalışanların təxminən yarısı iş gününün yeddi saatdan çoxunu oturaq vəziyyətdə keçirir. Hərəkətsiz həyat tərzi getdikcə daha geniş yayılır. Bu barədə “Falck” şirkətinin “İş yerində hərəkətsiz həyat tərzi – 2026” adlı hesabatında məlumat verilir.
AZƏRTAC xəbər verir ki, araşdırma İsveçdəki iş yerlərində sağlamlıq vəziyyəti və əmək şəraiti ilə bağlı aparılmış 26 mindən çox qiymətləndirmənin nəticələrinə əsaslanır. Nəticələrə görə, iştirakçıların 49 faizi iş gününün yeddi saatdan çoxunu oturaq vəziyyətdə keçirir. Son illərdə bu göstərici tədricən artıb.
“Falck” şirkətinin sağlamlıq üzrə mütəxəssislərinin sözlərinə görə, bunun səbəblərindən biri rəqəmsallaşmadır. Rəqəmsallaşma iş günü ərzində təbii fiziki aktivliyi azaldıb. “Məsələn, insan fasilə zamanı telefonunu əlinə alır, çünki “gücü yalnız buna çatır”. Lakin bu, yorğunluğu daha da artırır, çünki beyin daha çox informasiya qəbul edir”, – deyə “Falck” şirkətinin mütəxəssisləri izah edirlər.
Pandemiyadan sonra geniş yayılan distant işləmək təcrübəsi də bu vəziyyətə təsir göstərib.
Uzun müddət oturaq vəziyyətdə qalmaq həm də stress səviyyəsini yüksəldir. Gündə yeddi-doqquz saatını oturaq vəziyyətdə keçirən insanların üçdə biri sağlamlığa mənfi təsir göstərə və psixoloji yorğunluğa səbəb ola biləcək səviyyədə stress keçirdiyini bildirir. Bundan əlavə, gündə yeddi saatdan çox oturaq vəziyyətdə qalan hər 10 respondentdən üçü yuxu problemlərinin olduğunu qeyd edir.
Ekspertlər bildirirlər ki, iş günü ərzində fiziki aktivliyin hətta cüzi artırılması belə əhəmiyyətli nəticə verə bilər. Xüsusilə nahar fasiləsində qısa gəzintilərə çıxmaq və işgüzar görüşlər arasında hərəkət etmək üçün qısa fasilələr vermək tövsiyə olunur.
“Falck” şirkəti işəgötürənlərin də məsuliyyət daşıdığını vurğulayır. Belə ki, işəgötürənlər iş günü ərzində əməkdaşların daha çox fiziki aktivlik göstərməsi üçün birbaşa iş yerlərində müvafiq şərait yarada bilərlər.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm