İsveçdə qadınlara qarşı zorakılıqla mübarizə gücləndirilir

19.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 19 noyabr, AZƏRTAC

İsveçdə məhkəmə-tibbi ekspertiza rəyləri məişət zorakılığı və kişilərin qadınlara qarşı özbaşınalığı ilə bağlı cinayətlərin araşdırılmasında mühüm rol oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə zorakılığa qarşı mübarizəyə həsr olunmuş “Narıncı həftə” çərçivəsində İsveçin Milli Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin nümayəndələri məlumat veriblər.

Qurumun mütəxəssisləri bildirirlər ki, məişət zorakılığı hallarının araşdırılmasında məhkəmə-tibbi ekspertiza rəyləri xüsusi əhəmiyyət daşıyır. Çünki belə cinayətlər çox vaxt şahidlərin olmadığı şəraitdə törədilir. Ekspertiza xəsarətlərin xarakterini və nə vaxt yetirildiyini, onların yaranma səbəblərini, eləcə də zərərçəkənlərin sağlamlığı üçün mümkün nəticələri müəyyən etməyə imkan verir.

Məhkəmə-tibb ekspertlərinin sözlərinə görə, əsas problemlərdən biri zərərçəkənlərin polisə vaxtında müraciət etməməsidir.

“Baş vermiş hadisənin üstündən çox vaxt keçməsinə yol vermək olmaz. Göyərmələr solur, dəri zədələri yox olur, yaralar isə sağalır”, – deyə onlar vurğulayıblar.

İsveçin Milli Məhkəmə-Tibbi Ekspertiza İdarəsi il ərzində hökumətin tapşırığı ilə cinayətlərin araşdırılmasında məhkəmə-tibbi ekspertiza rəylərindən istifadənin genişləndirilməsi istiqamətində ölkə polisi və prokurorluğu ilə birgə fəaliyyət göstərib. Tibbi müəssisələrlə əməkdaşlığın gücləndirilməsinə və bədən xəsarətlərinin qeydə alınması üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.

Qurum görülən işlərin nəticələrini gələn il aprelin 2-dək İsveçin Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью