İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

17.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 17 iyun, AZƏRTAC

İsveç hökuməti İsveç dilini kifayət qədər bilməyən uşaqlar üçün məcburi məktəbəqədər dil hazırlığının tətbiqi üzərində işi davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə təhsil və inteqrasiya naziri Simona Mohamsson bildirib.

Onun sözlərinə görə, xüsusi hökumət komissiyası belə bir tədbirin mövcud qanunvericiliklə ziddiyyət yarada biləcəyini qeyd etsə də, hökumət təşəbbüsü irəli aparmağı planlaşdırır.

Araşdırmanın müəllifi Yeva Broströmün fikrincə, məcburi dil hazırlığı ayrı-seçkiliyə qarşı qanunvericilik, valideynlərin yaşayış yerini seçmək hüququ və BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə bağlı hüquqi çətinliklər yarada bilər.

Hazırda İsveçdə məktəbəqədər təhsil könüllüdür. Ekspertlər bildirirlər ki, bəzi uşaqlar üçün məcburi, digərləri üçün könüllü model ciddi problemlər yarada bilər və xüsusilə ixtisaslı müəllim çatışmazlığı mövcuddur.

Bununla belə, hökumət hesab edir ki, evdə kifayət qədər İsveç dili öyrənməyən uşaqların məktəbəqədər mərhələdə bu bacarığı əldə etməsi vacibdir və yaxın vaxtlarda konkret təkliflərin təqdim olunması gözlənilir.

Nazir, həmçinin müəllim peşəsinin daha cəlbedici olmasının vacibliyini vurğulayıb, məktəbəqədər və məktəb təhsilinə görə məsuliyyəti bələdiyyələrdən dövlətə ötürülməsini təklif edib. Onun fikrincə, bu müəllimlərin maaşlarını artırmağa və daha çox ixtisaslı mütəxəssis cəlb etməyə imkan verəcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью