İsveçdən miqrantlara inanılmaz təklif Bunun üçün pul alacaqlar

09.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveç miqrasiya siyasətində sərt dönüş edib. Ölkəni könüllü tərk edən bəzi miqrantlara 36 min dollara qədər maliyyə dəstəyi veriləcək.

“Yeni Sabah” xəbər verir ki, bir vaxtlar çox sayda sığınacaq axtaran şəxsi qəbul edən İsveç son illərdə miqrasiya siyasətini ciddi şəkildə dəyişib. 2015-ci ildə ölkə 163 min sığınacaq axtaran şəxsi qəbul etmişdi. Bu göstərici həmin dövrdə əhali sayına nisbətdə İsveçi Avropada ən çox miqrant qəbul edən ölkələrdən birinə çevirmişdi. 2025-ci ildə isə sığınacaq müraciətlərinin sayı 96 faiz azalıb.

İsveç hökuməti 2026-cı ildən etibarən Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün geri dönüş proqramına başlayıb. pizza mizza

Proqrama əsasən, ölkədən könüllü şəkildə ayrılan və müəyyən şərtlərə cavab verən şəxslərə 350 min İsveç kronuna, yəni təxminən 36 min dollara qədər ödəniş edilir.

Hökumətin proqramına sağçı İsveç Demokratları Partiyası da dəstək verir. Partiya iyul ayında avtobuslara yerləşdirdiyi elanlarla, xüsusilə somalili miqrantlara geri qayıtmaq üçün verilən maliyyə dəstəyi barədə məlumat yayıb.

Hökumət proqram üçün ümumilikdə 1,3 milyard İsveç kronu büdcə ayırıb. Proqramla bağlı məlumatlar müxtəlif dillərdə yayımlanır.

Baş nazir Ulf Kristersson ölkədən geri dönüşlərin artırılmasının hökumətin əsas prioritetlərindən biri olduğunu bildirib.

Lakin proqramın nəticələri hələlik gözləntiləri doğrultmayıb. 2026-cı ilin əvvəlindən indiyədək maliyyə dəstəyindən yararlanaraq İsveçi tərk etməyə razılaşan şəxslərin sayı cəmi 171 nəfər olub.

İsveç Demokratları Partiyası proqramın daha da genişləndirilməsini təklif edib. Partiya İsveç vətəndaşlığı olan miqrantların da bu təşviqə daxil edilməsini və bunun vətəndaşlıqdan imtina şərti ilə həyata keçirilməsini istəyir.

Müxalifət və insan haqları təşkilatları isə hökumətin siyasətini tənqid edərək bunun cəmiyyətdə parçalanmanı dərinləşdirə biləcəyini bildiriblər.

İsveçin paytaxtı Stokholmda yaşayan müxtəlif ölkələrdən olan miqrantlar isə maliyyə dəstəyindən xəbərdar olduqlarını, lakin ölkəni tərk etmək istəmədiklərini deyiblər. Sudandakı təzyiqlərdən qaçaraq 8 il əvvəl İsveçə köçən və hazırda sənətçi kimi çalışan Elena İbrahim burada azad həyat qurduğunu və geri qayıtmağı düşünmədiyini bildirib.

Stokholm məscidinin imamı Mahmud Xalfi isə bu siyasətin xüsusilə müsəlman icması arasında narahatlıq yaratdığını söyləyib. Onun sözlərinə görə, yüksək təhsil və imkanlara malik şəxslər başqa ölkələrə köçə bilsələr də, təhsil səviyyəsi aşağı olan insanların belə seçim imkanları məhduddur.

İsveç hökuməti yalnız geri dönüş proqramı ilə kifayətlənməyib. Miqrasiya və vətəndaşlıq qaydalarında da bir sıra dəyişikliklər edib. Daimi yaşayış icazələrinin ləğvi nəzərdə tutulub və icazələrin hər üç ildən bir yenilənməsi tələbi tətbiq edilir.

Avqust ayında isə İsveç vətəndaşlığı almaq istəyənlər üçün ilk dəfə məcburi dil və ümumi bilik imtahanı keçirilib. Stokholmdakı imtahan mərkəzində 900 miqrant İsveç tarixi, ölkənin kral sülaləsi və ənənəvi bayramlarla bağlı sualları cavablandırıb.

İsveçin miqrasiya naziri Johan Forssell bildirib ki, vətəndaşlıq yalnız hüquqlardan ibarət deyil, eyni zamanda məsuliyyət də tələb edir.

Qeyd edək ki, sentyabrın 13-də İsveçdə seçkilər keçiriləcək. Rəy sorğularına əsasən, 10,6 milyon əhalisi olan ölkədə hökumət və mərkəz-sol müxalifət arasında mübarizənin kifayət qədər gərgin keçəcəyi gözlənilir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью