İsveçin şimalında Tunc dövrünə aid yaşayış məskəni tapılıb

29.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Stokholm, 29 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

Arxeoloqlar İsveçin Umeo şəhəri ətrafında bu ölkənin tarixini yenidən araşdırmağa məcbur edən sensasiyalı bir kəşfə imza atıblar.

AZƏRTAC xəbər verir ki, dairəvi yolun tikintisi ilə bağlı arxeoloji qazıntılar zamanı təxminən eramızdan əvvəl 1000-ci ilə aid Tunc dövrünə aid sütunlu evlərin qalıqları aşkar edilib.

Bu tapıntılar sübut edir ki, həmin bölgədə insan məskunlaşması əvvəllər düşünüləndən 2000 il əvvələ gedib çıxır. Buradakı sakinlər təkcə ovçuluq və balıqçılıqla deyil, həm də əkinçilik və heyvandarlıqla məşğul olublar. Mal-qaranın, dulusçuluq məmulatlarının, yemək bişirmək və tullantı yandırmaq üçün ocaqların qalıqları yerli sakinlərlə Cənubi və Şərqi Avropa mədəniyyətləri arasında əlaqə olduğunu ortaya qoyub.

Arxeoloqlar qeyd edirlər: “Tapılan keramika fraqmentlərində olan gil yerli mənşəlidir, lakin qabların forması Şimali Almaniyanı və lujit mədəniyyətini xatırladır. Bu tapıntılar qabların çox güman ki, buraya gətirilmədiyini, əksinə, ideyaların əxz olunması prosesində və təmaslar zamanı mənimsənildiyini və artıq burada, şimalda tətbiq olunduğunu göstərir”.

Bu, Vesterbotten əyalətinin tarixindəki ən böyük arxeoloji layihədir. Tədqiqatçıların fikrincə, əldə edilən məlumatlar Norrlandda erkən oturaq yaşayış məskənlərinin ilk əhatəli mənzərəsini təqdim edir və İsveçin məskunlaşması tarixi haqqında bilikləri əhəmiyyətli dərəcədə genişləndirir.

“Bu, İsveç tarixini yenidən yazır, çünki əvvəllər arxeoloji təsvirlərdə belə məlumatlara rast gəlinməyib. İnsanlar Umeodan bir neçə kilometr şimal-qərbdə yerləşən tədqiqat ərazilərində təxminən eramızdan əvvəl 500-cü ilə qədər yaşayıblar, bundan sonra yaşayış məntəqələri tərk edilib. Çox güman ki, onlar daha şərqə, indiki Umeonun mərkəzi olan yerə daha yaxın köçüblər. Torpağın qalxması və sahil xəttinin şərqə doğru sürüşməsi, eləcə də insanların köçü səbəbindən Tunc dövrü yaşayış məntəqələri qorunub saxlanılıb. Əgər insanlar bu ərazilərdə yaşamağa davam etsəydilər, Tunc dövrü yaşayış məntəqələrinin izləri itirilmiş olardı. Lakin onların dəqiq hara köçdüklərini hələ səhih şəkildə bilmirik. Bunu gələcək tədqiqatlar müəyyən edəcək”, - deyə arxeoloqlar fikirlərini yekunlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью