Icma.az bildirir, Konkret.az portalına istinadən.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ və İran arasında nüvə sazişi ilə bağlı yeni təmasların baş tutacağı barədə məlumat yayılıb. Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffun İsveçrəyə yollanması, İran xarici işlər naziri Abbas Əraqçinin də eyni ölkəyə səfər planlaşdırması Vaşinqtonla Tehran arasında diplomatik kanalların yenidən aktivləşdiyini göstərir. Lakin danışıqların taleyi təkcə iki ölkədən asılı deyil. Məlumata görə, İran tərəfi İsrail–“Hizbullah” qarşıdurması fonunda əvvəlcə Livanda atəşkəsin təmin olunmasını istəyir.
ABŞ və İran arasında bu danışıqların baş tutma ehtimalı nə qədərdir? Tehran bu yolla Vaşinqtona siyasi təzyiq göstərir, yoxsa regionda yeni diplomatik razılaşmanın təməli qoyulur?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı, İsrail-İran qarşıdurmasının yeni mərhələyə keçdiyi və regional təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyi bir dövrdə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yeni təmasların mümkünlüyü diqqət mərkəzinə çevrilib:
“Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffun İsveçrəyə səfəri və İranın xarici işlər naziri Abbas Əraqçinin də eyni istiqamətdə hərəkət etməsi Vaşinqtonla Tehran arasında diplomatik kanalların tam bağlanmadığını və müəyyən təmasların davam etdiyini göstərir. Mövcud vəziyyətdə ABŞ və İran arasında birbaşa və ya vasitəçilər üzərindən aparılan danışıqların baş tutma ehtimalı kifayət qədər yüksək görünür. Çünki hər iki tərəf hazırkı mərhələdə genişmiqyaslı hərbi qarşıdurmanın region üçün ağır nəticələr doğuracağını anlayır. ABŞ üçün əsas prioritet İranın nüvə proqramının nəzarətsiz şəkildə inkişafının qarşısını almaq, İran üçün isə beynəlxalq təzyiqlərin azaldılması və iqtisadi sanksiyaların yaratdığı yükün yüngülləşdirilməsidir. Bu baxımdan tərəflərin müəyyən dialoq platformalarına maraq göstərməsi təbii hesab edilməlidir”.
Politoloq qeyd edib ki, lakin bu təmasların tamhüquqlu nüvə sazişinə çevrilməsi yaxın perspektivdə asan görünmür:
“Son illərdə tərəflər arasında etimad səviyyəsi ciddi şəkildə zəifləyib. ABŞ administrasiyası İranın nüvə fəaliyyətinə dair daha sərt nəzarət mexanizmləri tələb etdiyi halda, Tehran öz təhlükəsizlik maraqlarını və regional mövqelərini nəzərə almadan hər hansı güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. İranın danışıqların fonunda Livanda atəşkəs məsələsini gündəmə gətirməsi isə təsadüfi deyil. Tehran bununla bir tərəfdən özünün regional təsir imkanlarını nümayiş etdirir, digər tərəfdən isə ABŞ-la aparılan müzakirələrdə əlavə siyasi rıçaqlar əldə etməyə çalışır. İran rəhbərliyi hesab edir ki, nüvə proqramı, regional təhlükəsizlik və Yaxın Şərqdəki münaqişələr artıq bir-birindən ayrı məsələlər deyil və kompleks şəkildə müzakirə edilməlidir. Bu yanaşma müəyyən mənada Vaşinqtona siyasi təzyiq elementi kimi də qiymətləndirilə bilər”.
R.Alıyevin fikrincə, Tehran ABŞ-a göstərmək istəyir ki, regiondakı sabitlik yalnız nüvə proqramı ətrafında razılaşmalarla deyil, həm də İranın iştirak etdiyi regional təhlükəsizlik mexanizmlərinin nəzərə alınması ilə mümkündür:
“Başqa sözlə, İran nüvə danışıqlarını daha geniş geosiyasi gündəliyin tərkib hissəsinə çevirməyə çalışır. Bununla yanaşı, baş verən prosesləri yalnız təzyiq siyasəti kimi dəyərləndirmək də doğru olmazdı”.
Politoloq deyib ki, son aylarda regionda müşahidə olunan yüksək gərginlik həm Vaşinqtonu, həm də Tehranı müəyyən diplomatik çıxış yolları axtarmağa vadar edir:
“Tarix göstərir ki, ABŞ və İran arasında ən mürəkkəb dövrlərdə belə diplomatik kanallar tam bağlanmayıb və tərəflər müəyyən vasitəçilər üzərindən əlaqələri qoruyub saxlayıblar. Hazırkı mərhələdə İsveçrə istiqamətində müşahidə olunan diplomatik fəallıq daha çox böhranın idarə olunmasına və gərginliyin nəzarətdən çıxmasının qarşısının alınmasına hesablanmış addım kimi görünür. Bunun yaxın zamanda yeni nüvə sazişi ilə nəticələnəcəyi barədə qəti fikir söyləmək çətindir. Lakin bu təmaslar tərəflər arasında dialoqun davam etdiyini və gələcək mümkün razılaşmalar üçün siyasi-diplomatik zəminin qorunduğunu göstərir.
Hesab edirəm ki, ABŞ və İran arasında gözlənilən təmaslar həm qarşılıqlı siyasi manevrlərin, həm də potensial diplomatik imkanların birgə mövcud olduğu mürəkkəb prosesdir. Hazırkı şəraitdə əsas məqsəd yeni razılaşmadan daha çox regionda eskalasiyanın qarşısını almaq və tərəflər arasında minimum kommunikasiya kanallarını açıq saxlamaqdan ibarətdir. Bunun gələcəkdə daha geniş diplomatik anlaşmaya çevrilib-çevrilməyəcəyini isə Yaxın Şərqdəki hərbi-siyasi proseslərin inkişafı müəyyən edəcək”.