Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Gənclərin təhsili və peşə bacarıqları nəzərə alınaraq hərbi xidmət müddətinin müəyyənləşdirilməsi müzakirə oluna biləcək məsələlərdəndir. Xüsusilə proqramlaşdırma və kibertəhlükəsizlik üzrə biliklərə malik gənclərin bacarıqlarından orduda istifadə edilməsi onlar üçün fərqli xidmət modelinin tətbiqi məsələsini gündəmə gətirir.
Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, texniki biliklərə malik gənclərin orduda ixtisaslarına uyğun fəaliyyətə cəlb olunması istiqamətində artıq iş aparılır:
“Orduda texniki biliklərə malik gənclərin ixtisaslarına uyğun fəaliyyətə cəlb olunması artıq Milli Müdafiə Universitetinin təşəbbüsü ilə həyata keçirilir. İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqları olan istedadlı gənclər də bu prosesə cəlb edilirlər. Lakin onlar üçün fərqli hərbi xidmət modelinin tətbiqi hazırda mümkün deyil. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməli, hüquqi baza yaradılmalı və müvafiq müzakirələr aparılmalıdır”.
Ekspertin sözlərinə görə, təhsil və peşə bacarıqları əsasında müəyyən kateqoriyalara aid gənclərin hərbi xidmət müddətinin qısaldılması uzunmüddətli prosesdir. Bu məsələ güc strukturlarının və aidiyyəti qurumların nümayəndələri ilə müzakirə edilməli, qərar ordunun real ehtiyacları müəyyənləşdirildikdən sonra qəbul olunmalıdır.
Ü.Cəfərov İT mütəxəssisləri üçün hərbi xidmət müddətinin azaldılmasını nəzəri baxımdan mümkün hesab edir. Onun fikrincə, həmin gənclərin biliklərindən səmərəli istifadə üçün uyğun şərait yaradılması onların orduda daha çox fayda verməsinə imkan yarada bilər.
Ekspert vurğulayıb ki, hansı ixtisaslar üzrə xidmət müddətinin qısaldılmasının məqsədəuyğun olduğunu hərbi sahədəki real vəziyyəti bilən müvafiq qurumlar müəyyənləşdirməlidir:
“Fərqli ixtisaslar üzrə hərbi xidmət müddətlərinin tətbiqi real görünür, sadəcə bu istiqamətdə iş aparılmalıdır. Müvafiq qurumlar bir araya gələrək məsələni müzakirə etməli və qərar verməlidirlər. Türkiyə və Gürcüstan kimi ölkələrin təcrübəsində olduğu kimi, hərbi xidmət məsələsində fərdi yanaşmanın tətbiqi də nəzərdən keçirilə bilər”, – deyə Üzeyir Cəfərov söyləyib.
Nicat Rüstəm