Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sankt-Peterburq Dövlət Baytarlıq Tibb Universitetinin (SPbGUVМ) alimləri müəyyən ediblər ki, osteosarkoma, yəni sümük xərçəngi daha çox iri cins itlərdə rast gəlinir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Araşdırmaya görə, sümük xərçəngi əsasən alman çoban itləri, rotveylerlər, bülmastiflər və şarpeylər arasında müşahidə olunur. Alimlər vurğulayırlar ki, itlərdə bir sıra xəstəliklər üzrə cinsə bağlı meyillər mövcuddur.
Məsələn, tənəffüs yollarının çökməsi ilə xarakterizə olunan traxeya kollapsı daha çox xırda cins itlərdə, o cümlədən yorkşir teryerlərində və braxisefal cinslərdə (mops, fransız buldoqu və s.) qeydə alınır. Bu hal onların tənəffüs sisteminin anatomik xüsusiyyətləri ilə əlaqələndirilir.
Tədqiqat çərçivəsində 2024-cü ilin sentyabrından 2025-ci ilin mart ayınadək 145-dən çox ambulator müraciət təhlil edilib və müxtəlif xəstəliklər üzrə cins meyilləri təsdiqlənib.
SPbGUVM-in dosenti, baytarlıq elmləri namizədi Roman Katargin bildirib ki, cins meyilləri genetik, morfoloji və fizioloji xüsusiyyətlərə əsaslanır. Onun sözlərinə görə, uzunmüddətli seleksiya prosesi bəzi əlamətləri gücləndirib və irsi xəstəliklərin riskini artırıb.
Onkoloji xəstəliklərin də cinslər üzrə fərqləndiyi qeyd olunur. Belə ki, mastositoma (dəri mənşəli bədxassəli şiş) daha çox buldoq tipli itlərdə - buldoq, bülteryer və şi-tsularda aşkar edilir.
Mütəxəssislər bildirirlər ki, cinsə bağlı risklərin nəzərə alınması xəstəliklərin erkən diaqnostikası, profilaktikanın fərdiləşdirilməsi və effektiv müalicə üsullarının seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, cins it sahiblərinə ev heyvanlarını ildə ən azı bir dəfə profilaktik müayinədən keçirmək tövsiyə olunur.
Nuriyyə NATİQQIZI