İtaliya A Seriyası: Favoritlərin Turin və Romada qarşıdurması in İCMALI

24.01.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib. Tur çərçivəsində turnir cədvəlinin yuxarı hissəsində yenidən ciddi dəyişikliklərə səbəb ola biləcək iki mərkəzi görüş keçiriləcək.

İdman.Biz xəbər verir ki, çempionatın lideri “İnter” artıq növbəti uğurlu həftəsonu üçün ciddi iddia ortaya qoyub. Milan klubu doğma meydanda “Piza”nı 6:2 hesabı ilə darmadağın edib. Halbuki ilk hissənin gedişində meydan sahibləri 0:2 hesabı ilə geridə olublar. Buna baxmayaraq, fasiləyə qədər “İnter” oyunun gedişini dəyişərək 3:2 hesabı ilə önə keçib, ikinci hissədə isə böyükhesablı qələbəni rəsmiləşdirib.

“Yuventus” – “Napoli” (25 yanvar)

Turun əsas oyunlarından biri Turində keçiriləcək. “Yuventus” öz meydanında “Napoli”ni qəbul edəcək. Bu tur öncəsi meydan sahibləri 39 xalla beşinci pillədə qərarlaşıb, son çempion “Napoli” isə 43 xalla üçüncü yerdədir.

Luçano Spallettinin komandası üçün bu qarşılaşma ötən turdakı ağrılı məğlubiyyətdən sonra çempionat yarışına yenidən qoşulmaq baxımından mühüm fürsətdir. “Yuventus” əvvəlki turda “Kalyari”yə 0:1 hesabı ilə uduzub və A Seriyasında altı oyunluq məğlubiyyətsiz seriyasını başa vurub. Həmin görüşdən sonra Spalletti rəqibin öz şansından maksimum yararlandığını, komandası üçün isə belə oyunlardan düzgün nəticə çıxarmağın vacib olduğunu vurğulayıb.

“Napoli” isə Turinə “Sassuolo” üzərində 1:0 hesablı vacib qələbə ilə yollanır. Bu nəticə heç-heçələr seriyasına son qoyub və neapolluların liderlər qrupunda qalmasına kömək edib. Bununla belə, komandanın kadr durumu çətin olaraq qalır. Son oyunda Matteo Politano və Amir Rrahmani zədə alıblar. Onsuz da zədəli futbolçuların siyahısı kifayət qədər genişdir və bu siyahıya Romelu Lukaku ilə Kevin De Bruyne də daxildir.

Oyunun emosional fonunu Antonio Kontenin avrokubok matçından sonra səsləndirdiyi fikirlər də artırıb. “Napoli”nin baş məşqçisi bildirib ki, komandası özünə qarşı çox, hətta çox-çox aqressiv olmalıdır. Bu fikirlərlə o, yaxın oyunlarda maksimum səviyyədə çıxış etməyin vacibliyinə işarə edib.

“Roma” – “Milan” (25 yanvar)

Turun daha bir prinsipial qarşılaşması Romada baş tutacaq. Çempionatın dördüncü komandası olan “Roma” 42 xalla turnir cədvəlinin ikinci pilləsində yer alan, 46 xalı olan “Milan”ı qəbul edəcək.

Roma klubu bu oyuna yaxşı vəziyyətdə çıxır. Ötən turda “Roma” səfərdə “Torino” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. Baş məşqçi Can Pyero Qasperini matçdan sonra hücumdakı oyunun keyfiyyətini və Paulo Dibalayla Doniell Malenin qarşılıqlı anlaşmasını xüsusi qeyd edib. Bununla yanaşı, “Roma”nın çalışdırıcısı artıq diqqəti növbəti tura yönəltdiyini və hazırda bütün fikirlərinin “Milan”la oyuna və A Seriyasına fokuslandığını açıq şəkildə bildirib.

“Milan”ın da öz motivasiyası var. Komanda “İnter”i təqib etməyə davam edir və çempionluq yarışında temp itirməməyə çalışır. Ötən turda “rossoneri” Niklas Füllkruqun qolu sayəsində “Leççe”ni 1:0 hesabı ilə məğlub edib. Bununla yanaşı, Massimiliano Alleqri bildirib ki, müdafiəçi Strahinya Pavloviç başından zərbə aldıqdan sonra tikiş qoyulmasına ehtiyac duyub, Santyaqo Ximenes isə əzələ zədəsi səbəbindən yaxın oyunları buraxacaq.

A Seriyasının 22-ci turunun digər oyunları:

23 yanvar

“İnter” – “Piza” 6:2

24 yanvar

“Como” – “Torino”

“Fiorentina” – “Kalyari”

“Leççe” – “Latsio”

“Sassuolo” – “Kremoneze”

25 yanvar

“Atalanta” – “Parma”

“Cenoa” – “Bolonya”

26 yanvar

“Verona” – “Udineze”

Hazırda A Seriyasının turnir cədvəli:

“İnter” – 52

“Milan” – 46

“Napoli” – 43

“Roma” – 42

“Yuventus” – 39

“Como” – 37

“Atalanta” – 32

“Bolonya” – 30

“Latsio” – 28

“Udineze” – 26

“Sassuolo” – 23

“Kremoneze” – 23

“Parma” – 23

“Torino” – 23

“Kalyari” – 22

“Cenoa” – 20

“Fiorentina” – 17

“Leççe” – 17

“Verona” – 14

“Piza” – 14

Teymur Tuşiyev

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью