Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni özünün "İtaliya Qardaşları" partiyası tərəfindən təşkil olunmuş gənclər tədbirində bildirib.
"Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını qanunvericiliklə müəyyən edən sənəd təqdim olunacaq. O, həmçinin məktəb sisteminə inteqrasiyada ciddi çətinliklər çəkən xarici şagirdlərin valideynlərini italyan dilini öyrənməyə məcbur edir, məktəblərdə burqa və niqab geyinməyi qadağan edir", - deyə Meloni bildirib.
O qeyd edib ki, bu təşəbbüs uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmağa və sürətləndirməyə yönəlib.
Onun sözlərinə görə, bir sinifdə italyan dilini bilməyən uşaqlar nə qədər çox olarsa, onların bu dili öyrənməsi bir o qədər çətin olacaq.
"Fondazione ISMU"nun məlumatına görə, İtaliya vətəndaşlığı olmayan şagirdlər İtaliya məktəblərindəki şagirdlərin ümumi sayının 11,6%-ni - hər 100 məktəblidən demək olar ki, 12-sini təşkil edir.