Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Naxçıvan, 17 dekabr, AZƏRTAC
Biz burada yerli şirkətlə birgə işləyirik. Aparılan işlərin əsas məqsədi isə Möminə Xatun türbəsində olan problemləri üzə çıxarıb həll etməkdir. Hazırda geofiziki araşdırma aparırıq. Bunlardan biri yerə nüfuz edən radar sistemidir ki, yerin 2-3 metr dərinliyində olan obyektləri müəyyən edə bilirik. Bu üsulu istifadə etməkdə əsas məqsədimiz yer altında olan boşluqları və su qaynaqlarını müəyyənləşdirməkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Möminə Xatun türbəsinin ərazisində geofiziki araşdırmalara başlayan İtaliyanın “Geostudi Astier srl” geofizika şirkətinin mütəxəssisi Mattia Balestri deyib.
O qeyd edib ki, ikinci istifadə edilən üsul isə elektrik kəşfiyyatı üsuludur. Bu üsul daha dərində olan maneələri və abidənin bünövrəsinin hansı dərinlikdə olduğunu aşkarlamağa kömək edir. Yaranmış problemləri müəyyən etdikdən sonra nəticələr sifarişçi şirkətə təqdim ediləcək və təmir prosesində hansı üsullardan istifadə etmək lazım olduğunu həmin şirkət bildirəcək. Həmçinin burada geofiziki üsullardan biri olan skanerdən də istifadə edilir. Bu skaner vasitəsilə isə ərazinin 3D bulud texnologiyası yaradılır.
"Elektrik kəşfiyyatı üsulunda əldə etdiyimiz məlumatları bulud texnologiyasına yerləşdiririk. Nəticədə ərazidə olan problemləri daha aydın görə bilirik. Düşünürük ki, bir-iki gün ərzində işləri yekunlaşdırıb İtaliyaya geri dönə bilərik. Daha sonra isə orada ölçmə işlərinin emalı ilə məşğul olacağıq. Proseslər uzun müddət çəkmir, görüləcək işlər çox qısa zamanda nəticələr əldə etməyə imkan verəcək. Vacib məsələlərdən biri də odur ki, biz buradan əldə edəcəyimiz məlumatları öz qeydlərimizlə qarşılaşdıracağıq və nəticədə daha dəqiq məlumatlar əldə etməyə çalışacağıq", - deyə şirkətin mütəxəssisi əlavə edib.