İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

22.09.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Roma, 22 sentyabr, AZƏRTAC

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Lombardiya və Liquriya regionlarında leysan yağışları nəticəsində daşqınlar olub. Milanın Niquarda bölgəsində Seveso çayı məcrasından çıxıb, Komo bölgəsində torpaq sürüşməsi baş verib.

Lombardiya və Liquriya regionlarında narıncı xəbərdarlıq edilib, bəzi bölgələrdə məktəblər bağlanıb. Alessandria bölgəsində bir qadın itkin düşüb, suyun səviyyəsinin qalxması səbəbindən düşərgədən təcrid olunmuş 15 nəfər xilas edilib.

Ölkənin şimalında bəzi bölgələrə 200 millimetrdən çox yağıntının düşdüyü bildirilib. Qeyri-sabit hava şəraitinin davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью