Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İtaliyanın Turin şəhərində bir qrup radikal tələbə və gənclərin keçirdiyi aksiyanın polislə toqquşmaya çevrilməsi nəticəsində azı 30 nəfər xəsarət alıb.
Moderator.az ANSA agentliyinə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
İtaliyanın Baş naziri Corcia Meloni polisə edilən hücumun görüntülərini "Facebook" səhifəsində paylaşaraq baş verənləri "qəbuledilməz addım" və "dövlətə hücum" adlandırıb.
Aksiyada təxminən 15 min nəfər iştirak edib. Aksiyaya səbəb yerli sosial mərkəzin hökumətin qərarı ilə bağlanması olub. Nümayişçilər zibil konteynerlərini yandırmağa, petardalar partlatmağa və polislərə daş atmağa başlayıblar. Bir polis maşını yanıb. Nümayişçilərə qarşı su şırnaqlarından istifadə edilib.
Əsas siyasi partiyaların nümayəndələri, o cümlədən müxalifət aksiyadakı zorakılıq hallarını pisləyiblər.