İtaliyada nəqliyyatçılar tətil edirlər

20.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Roma, 20 iyun, AZƏRTAC

İtaliyada nəqliyyat sektorunda bir günlük milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və hava nəqliyyatında çalışan işçilər tətil ediblər.

Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası, yüksək sürətli və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.

Romanın “Fiumicino” və “Ciampino”, eləcə də Milanın “Linate” və “Malpensa” hava limanlarında xidmət göstərən işçilərin tətilə qoşulması bəzi aviareysləri təxirə salıb, çox sayda turistin səyahət planları dəyişilib. Aviaşirkətlər ləğv olunan reyslərə görə pulsuz marşrut dəyişdirmə və ya kompensasiya təklif edirlər.

Tətil Turin, Neapol, Genuya, Florensiya, Boloniya və Venesiya kimi böyük şəhərlərdə də nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью