Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı yüksək səviyyəli (qırmızı) xəbərdarlıq elan edilib.
XQ İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, ölkədə davam edən həddindən artıq istilər gündəlik həyata mənfi təsir göstərir.
İtaliya Səhiyyə Nazirliyinin dərc etdiyi bülletenə görə, artıq 25 şəhərə şamil edilən 3-cü səviyyəli qırmızı xəbərdarlıq sisteminə daha iki şəhər əlavə olunub. Həmin şəhərlərin bəzi ərazilərində havanın temperaturunun 40 dərəcəyə çatacağı və anomal istilərin bir həftə davam edəcəyi proqnozlaşdırılır.
Səhiyyə Nazirliyi bildirib ki, “3-cü səviyyə” qırmızı xəbərdarlıq uzun müddət davam edən həddindən artıq istiliyin bütün əhali üçün ciddi sağlamlıq riski yaratdığı anlamına gəlir. Nazirlik bu xəbərdarlığın təkcə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olanlara deyil, həm də tam sağlam insanlara şamil edildiyini vurğulayıb.
Qeyd edək ki, İtaliya bu il artıq dördüncü dəfədir ki, şiddətli isti hava dalğasının təsirinə məruz qalır. İyul ayında müşahidə olunan anomal istilər ölkədə insan tələfatına da səbəb olub.