Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 may, AZƏRTAC
“İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gənc vokalçı Riad Ağanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İthaf” adlı solo konserti baş tutub.
“İRƏLİ” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, konsert proqramı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycan mədəniyyətinə göstərdiyi xüsusi diqqəti musiqinin dili ilə tamaşaçılara çatdırıb. Gənc vokalçı Riad Ağanın ifasında səsləndirilən biri-birindən rəngarəng əsərlər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Gənc vokalçının müəllimi, Əməkdar artist Ramil Qasımov çıxış edərək onun gənc olmasına baxmayaraq səhnədə peşəkar yanaşması, musiqiyə həssas münasibəti və tamaşaçı ilə qurduğu səmimi emosional bağ ilə seçildiyini bildirib. O qeyd edib ki, Riadın repertuar seçimində milli musiqiyə və klassik vokal ənənələrinə xüsusi diqqət hiss olunur.
Ramil Qasımov vurğulayıb ki, gənc ifaçının səhnə mədəniyyəti, zəhmətkeşliyi və sənətə bağlılığı onun gələcəkdə Azərbaycan vokal sənətində özünəməxsus yer tutacağına böyük ümid yaradır və eyni zamanda onun təşkilatçılıq bacarıqları hər zaman təqdirəlayiqdir.
Konsertdə Tofiq Quliyevin “Azərbaycan”, Sevil Əliyevanın “Əziz ana”, Fikrət Əmirovun “Mən səni araram”, Emin Sabitoğlunun “Şükriyyə”, “Ayrılıq”, Hacı Xanməmmədovun “Gözünə qurban”, Oqtay Kazıminin “Ey xəyal” və digər bəstəkar və xalq mahnıları ifa olunub. Vokalçını pianoçu Cəlal Səmədov müşayiət edib.
Riad Ağa səhnə fəaliyyəti ilə yanaşı, ictimai və mədəni sahədə həyata keçirilən layihələrdə də fəal iştirak edir. O, ictimai fəallıq və səhnədə nümayiş etdirdiyi peşəkar vokal ifaları və özünəməxsus təqdimat tərzi ilə də diqqət çəkir. İfa etdiyi əsərlərə həssas yanaşması, səhnə mədəniyyəti və tamaşaçı ilə qurduğu emosional bağ onun musiqiyə olan bağlılığını və sənətə peşəkar münasibətini aydın şəkildə nümayiş etdirir.
Riad Ağa bugünədək solo konsert proqramları ilə çıxış edib, “İlin könüllüsü” və “İlin gənci” nominasiyaları üzrə təltif olunub.