İtiniz və ya pişiyiniz qocalanda... Heyvansevərlərin diqqət yetirməli olduğu əsas məqamlar

25.01.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Sara Hummadinin "İtinizin və ya pişiyinizin qocaldığını necə anlamaq olar?" yazısını İbrahim Azizin tərcüməsində təqdim edir.

Bizimlə birgə yaşayan və həyatımıza rəng qatan tüklü dostlarımız da eynilə insanlar kimi qocalır; lakin təəssüf ki, onların ömür payı bizimki qədər uzun deyil. Qocalıq dövründə mütəmadi baytar müayinələri ilə bərabər, ev şəraitində edəcəyimiz xırda dəyişikliklər də onların keyfiyyətli həyat sürməsi üçün həlledici əhəmiyyət kəsb edir.

Etologiya və heyvan qidalanması üzrə mütəxəssis, dosent Sara Hummadi “The Conversation” saytında dərc olunan məqaləsində ev heyvanlarının sağlam və rahat qocalıq dövrü keçirməsi üçün edə biləcəklərimizdən bəhs edir.

Yazının bəzi hissələrini təqdim edirik.

Fransada aparılan bir araşdırmaya görə, itlər və pişiklər orta hesabla 11,3 il yaşayırlar və yaşlı heyvanlara göstərilən baytar xidmətinin keyfiyyəti kifayət qədər yüksəkdir. Eyni zamanda, qocalıq dövründə onlara necə yoldaşlıq etməli olduğumuz barədə biliklərimiz də sürətlə artmaqdadır. Artıq bizə məlumdur ki, edilən sadə dəyişikliklər yaşlı bir pişik və ya itin rahatlığı, habelə həyat keyfiyyəti üçün möcüzəvi təsir göstərə bilər. Əsas məsələ odur ki, ev heyvanı sahibləri dördayaqlı dostlarının qocalma prosesinə qarşı laqeyd qalmasınlar.

İtim və ya pişiyim hansı yaşda yaşlı hesab olunur?

2 milyondan çox pişik və 4 milyondan çox it üzərində aparılan araşdırma, onların müxtəlif həyat mərhələlərini daha dəqiq müəyyən etməyimizə şərait yaratdı.

Pişiklər təxminən 10 yaşından etibarən qocalıq dövrünə qədəm qoyurlar. Bu dövr özlüyündə yetkin, yaşlı və çox qoca olmaqla üç fərqli mərhələyə bölünür.

Həmin araşdırma göstərir ki, itlərdə vəziyyət bir az fərqlidir, hər şey onların boyundan asılıdır. Kiçik itlər ("Çivava" və ya "Kavalier Kinq Çarlz Spaniel" kimi 9 kq-dan yüngül olanlar) təxminən 7 yaşında qocalmağa başlayır, 12 yaşında isə artıq yaşlı sayılırlar. "Uels Korqisi", "Qolden Retriver" və "Avstraliya çoban iti" kimi 9 kq-dan ağır olan orta və böyük itlər üçün isə qocalma daha erkən, təxminən 6 yaşında başlayır.

Lakin təşvişə düşməyə ehtiyac yoxdur. Həyatlarının bu yeni mərhələsi heç də sonun yaxınlaşması mənasına gəlmir. Bu, sadəcə bizə xəbər verir ki, ev heyvanınıza daha çox diqqət ayırmağın, onun ən yaxşı şəraitdə qocalmasına kömək etmək üçün ətraf mühiti və qulluq rejimini tədricən tənzimləməyin vaxtı çatıb.

Sağlam qocalmaq nə deməkdir?

“Sağlam qocalmaq” mövzusuna keçid etməzdən əvvəl gəlin, qocalığın mahiyyətini xatırlayaq: Bu, təbii, tədricən inkişaf edən və qarşısıalınmaz bir prosesdir. Zaman keçdikcə heyvanlar ətraf mühitin təsirlərinə qarşı daha həssas olur və hüceyrələrində toplanan zədələr müxtəlif fizioloji dəyişikliklərə yol açır.

Bəs bir itin və ya pişiyin "sağlam həyat sürməsi" dedikdə əslində nəyi nəzərdə tuturuq? Həmmüəllifi olduğum bu yaxınlarda dərc edilmiş bir məqalə ev heyvanları üçün belə bir tərif təklif edilir: Sağlam qocalan heyvan — fiziki, davranış, sosial və emosional ehtiyaclarını qarşılamaq üçün lazımi potensialı və dözümlülüyü qoruyan, eyni zamanda sahibi ilə sabit və müsbət münasibətlərini davam etdirən canlıdır.

Bəzi əlamətlər tamamilə təbiidir: tüklərin ağarması, yüngül diş daşının yaranması, dərinin nazilməsi və duyğuların bir qədər zəifləməsi. Lakin bu dəyişikliklərin heyvanın həyat keyfiyyətinə hər hansı ciddi və mənfi təsiri yoxdur.

Digər tərəfdən, qida və su kimi təməl ehtiyaclara çatmağa mane olan hərəkət problemləri — məsələn, ayağa qalxmaqda, pilləkən çıxmaqda və ya sizinlə ünsiyyət qurmaqda çətinlik çəkmək — sadəcə qocalıq əlaməti hesab edilməməlidir. Eyni vəziyyət koqnitiv funksiya pozğunluğunun ilkin əlamətləri üçün də keçərlidir; məsələn, bir it və ya pişik yemək qabını tapmaqda çətinlik çəkirsə və ya evdə azmış kimi görünürsə, bu, Alzheymer xəstəliyinə bənzər bir halın göstəricisi ola bilər. Bu cür hallarda həkimə getmək vacibdir. Heyvanın yaxşı qocaldığını bilmək üçün onun nə qədər rahat yaşadığına baxmaq lazımdır; əsas ölçü budur.

“Zəif” hesab olunan, yəni fiziki gücü azalmış heyvanlar xəstəliklərə qarşı daha həssas olurlar; bu səbəbdən onlara daha ciddi diqqət yetirmək lazımdır. Bunun ən yaxşı tərəfi odur ki, insanlarda olduğu kimi, zəifliyi vaxtında görəndə bəzən vəziyyəti düzəltmək olur. Buna görə də yaşlı dostlarımıza yaxşı baxmaq üçün onları tez-tez həkimə göstərmək və vaxtında kömək etmək çox vacibdir.

Ev şəraitində edə biləcəyimiz dəyişikliklər

Müəllif qeyd edir ki, ilk addım heyvanın bütün ehtiyaclarına (yemək, su, istirahət və gizlənmə yerləri, ünsiyyət sahələri və s.) asanlıqla çata bilməsi üçün mühiti əlçatan etməkdir: “Kiçik pilləkənlər, kreslolar, bərk və alçaq döşəkçələr, yaxud oynaq problemi olan it və pişiklər üçün hündürləşdirilmiş yemək qabları kimi bir neçə kiçik tənzimləmə və aksesuar həqiqətən də böyük fərq yarada bilər.

Yalnız bir yerlə kifayətlənməyin, seçimləri artırın! Evin bir neçə yerində yemək və yatmaq zonaları yaradın. Unutmayın ki, oynaqları ağrıyan bir pişik üçün hündür qum qabına girmək böyük bir əzabdır. Kənarları alçaq və içi geniş olan qablar onlar üçün daha rahatdır.

Heyvanla sakit və yaxşı münasibət saxlamaq çox vacibdir. Heyvanınızın bəyənmədiyiniz hərəkətlərini bir həkim və ya mütəxəssis yoxlamalıdır. Çünki bu davranışlar əslində heyvanın nəyəsə ehtiyacı olduğunu və ya harasınınsa ağrıdığını göstərə bilər.

Məsələn, pişik dırmaşma taxtasını deyil, xalçanı cırmaqlayırsa, bəlkə də o, sadəcə canını daha az ağrıdan bir üsul axtarır. Bəzi heyvanlar qocalanda və ya xəstələnəndə daha çox narahat və əsəbi olurlar. Belə olanda onları cəzalandırmaq yox, niyə belə etdiklərini tapmaq lazımdır. Yoxsa həm heyvan sizdən inciyər, həm də problem düzəlməz.

İtiniz çox yorulanda gəzintini ona uyğunlaşdıra bilərsiniz; məsələn, yolun bir hissəsində və ya hamısında onu rahat, təhlükəsiz çantalarda daşımaq olar. Əsas odur ki, heyvan bayıra çıxmağa, təmiz hava almağa davam etsin.

Sonda onu da deyim ki, yaşlı heyvanların qulluğunda qidalanma həlledicidir. Qocaldıqca həzm zəifləyir və əzələlər yavaş-yavaş əriyir. Ona görə də elə yemək seçin ki, həm rahat həzm olunsun, həm heyvanınızın xoşuna gəlsin, həm də yaşlı heyvanlar üçün xüsusi hazırlanmış olsun. Çiy ət verməyin: Çünki onun tərkibindəki minerallar qaydasında olmur, bu da mineral balansına (xüsusilə kalsium və fosfora) həssas olan yaşlı heyvanlara ziyan vura bilər. Həm də yaşlı heyvanların immuniteti aşağı olur. Bu səbəbdən çiy ət yemək onları daha tez xəstələndirə bilər.

Quru və yaş yemi birləşdirmək də adətən faydalıdır. Baytar həkimin tövsiyəsi ilə evdə hazırlanan bişmiş yeməklər heyvanın iştahının bərpasına kömək edə bilər. Həmçinin yaş yemi yüngülcə isidərək qoxusunu artıra və onu daha cəlbedici edə bilərsiniz.

Baytara nə vaxt müraciət etməlisiniz?

Həkimə vaxtlı-vaxtında getmək, xüsusilə peyvəndləri və parazit dərmanlarını vaxtında vermək çox vacibdir. Qocalma immun sistemini zəiflədir, bu da yaşlı heyvanları daha müdafiəsiz edir. Buna görə də yoluxucu xəstəliklərə və parazitlərə qarşı müntəzəm qorunma şərtdir.

Geriatrik müayinələrin məqsədi heyvana xas qocalma prosesini izləməkdir. İlk konsultasiya adətən ən uzun çəkəni olur; bu vaxt ətraflı müsahibə aparmağa və lazım gələrsə, əlavə testlər etməyə imkan verir.

İlkin müayinənin nəticələri növbəti ziyarətlər üçün bir istinad nöqtəsi olacaqdır. İdeal variantda bu cür nəzarət qocalma prosesinin lap əvvəlindən başlamalıdır. Müayinələrin tezliyi isə heyvanın vəziyyətindən asılıdır: zəiflik əlamətləri varsa, altı aydan bir, vəziyyət stabildirsə, ildə bir dəfə kifayətdir.

Əsas hədəfimiz sadəcə tüklü dostlarımızın ömrünü uzatmaq deyil, hər şeydən öncə onların sağlamlığını qorumaqdır.

Nəticədə, özümüz üçün arzuladığımız kimi, onların da bacardıqca uzun müddət həyatdan zövq almalarını istəyirik.

Yalan - Coşqun Xəliloğlunun hekayəsi “Üzeyir Hacıbəyli mükafatı”nın təqdimatı oldu İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью